REGİONLAR
Aqrar Universitetdə elmi-tədqiqat işlərinin yekunları müzakirə edilib
Gəncə, 7 may, Rauf Hacıyev, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2018-ci ilin elmi-tədqiqat işlərinin yekunlarına dair elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransı açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov elmi-tədqiqat işlərinin nəticələrindən, onların istehsalata tətbiqinin əhəmiyyətindən, dövlətimizin dəstəyi ilə son illərdə yaradılan və ən müasir standartlara cavab verən laboratoriyaların, mərkəzlərin tədris prosesi ilə yanaşı, elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə və yüksək nəticələr əldə olunmasına geniş imkanlar yaratmasından danışıb.
İbrahim Cəfərov, həmçinin dövlətin aqrar təhsilə və elmə qayğısı nəticəsində görülən işlər sırasında tədris-təcrübə təsərrüfatının tamamilə yenidən qurulduğunu, burada yaradılan bütün imkanların alimlərin, gənc tədqiqatçıların, magistrlərin, habelə startapçı tələbələrin istifadəsi və onların innovativ layihələrinin icrası üçün tam açıq olduğunu bildirib.
Rektor qeyd edib ki, mayın 6-da kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərliyi altında genişləndirilmiş kollegiya iclası keçirilib. İclasda nazirliyin tərkibində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının rəhbərləri iştirak ediblər. Kollegiya iclasında aprel ayı ərzində görülən işlərin hesabatı dinlənilib, konkret olaraq hər bir institut və Dövlət Aqrar Universiteti qarşısında vəzifələr qoyulub. Belə ki, aparılan elmi-tədqiqat işləri nazirliyin sifarişlərinə uyğun olmalı, fermerlərin istəyi nəzərə alınmalıdır. Həmçinin nazir AMEA nəzdində fəaliyyət göstərən institut rəhbərləri ilə görüş keçirib. Görüşdə akademik Əhliman Əmiraslanov və digər institut rəhbərləri çıxış edib, alimlərin birgə fəaliyyətinin zəruriliyi qeyd olunub.
“Azərbaycan Dövlət Aqrar Universiteti olaraq bizim də üzərimizə mühüm vəzifələr düşür. Hər zaman olduğu kimi bu gün də biz aqrar sahədə baş verən ciddi dəyişikliklərdə öncül sıralarda olacaq və bu işlərə öz töhfələrimizi verəcəyik”, - deyə İbrahim Cəfərov qeyd edib.
Konfransın plenar iclasında professor Ziyad Abbasov “Dağətəyi əkin sahələrində torpaqqoruyucu texnologiyaların və texniki vasitələrin tətbiqi”, baş müəllim Niyaz Məmmədov “Kooperativlərin yaradılması və inkişafında subsidiyaların rolu”, baş müəllim Aytən Hüseynova “Bildirçinlərin salpinqo-peritonik xəstəliyində müxtəlif baytarlıq preparatlarının səmərəliliyinin və məhsulların keyfiyyət göstəricilərinə təsirinin öyrənilməsi” mövzularında məruzələr ediblər.
Konfrans işini aqronomluq, aqrotexnologiya, baytarlıq təbabəti və zoomühəndislik, mühəndislik, aqrar iqtisadiyyat, aqrobiznes və idarəetmə bölmələri üzrə davam etdirib.