REGİONLAR
Aqrar Universitetdə istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub
Gəncə, 11 may, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Azərbaycanın və bütün Türk dünyasının böyük aydını, milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar tədbir təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək, Azərbaycan Respublikası Prezidentinin “Əhməd Cavadın anadan olmasının 130 illiyi haqqında” 2022-ci il 20 aprel tarixli Sərəncamına əsasən, ölkəmizin hər yerində olduğu kimi ADAU-da tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Rektor, Əhməd Cavadın həyatı, yaradıcılığı və ağrılı bitən ömür yolundan danışıb.
Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk deyib ki, Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xəti ilə seçilən, türk xalqının müstəqil mövqeyə malik böyük şairidir. O, bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalıb, azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulub.
Ege Universitetinin rektoru, professor Necdet Budak çıxışında Əhməd Cavadı böyük şair, maarifçi və ictimai xadim kimi xarakterizə edib. Vurğulayıb ki, Əhməd Cavad Vətəninə, elinə, bütövlükdə, Türk dünyasına bağlı əsl mücahid olub.
Sonra tələbələrin hazırladığı bədii hissə tədbir iştirakçılarına təqdim olunub. Tələbələrin təqdimatında Əhməd Cavadın şeirləri oxunub, “Çırpınırdı Qara Dəniz” mahnısı ifa edilib. Həmçinin, Azərbaycan və qardaş Türkiyənin milli rəqsləri nümayiş olunub, mahnıları səsləndirilib.
Yubiley tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər ərazi təşkilatının sədri Ramil Orucov, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Gənclər və İdman Baş idarəsinin rəisi Həmid Nəsirov, idarə rəhbərləri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri və tələbələr iştirak ediblər.