REGİONLAR
Aqrar Universitetdə mühəndis kadrların hazırlığı və perspektivlər müzakirə edilib
Gəncə, 1 iyul, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin mühəndislik fakültəsində kadr hazırlığı və bu sahənin perspektivləri müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Aqrar Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov aqromühəndislik ixtisası üzrə mütəxəssis hazırlığının yalnız dövlət sifarişi əsasında həyata keçirilməsinin əmək bazarının tələbinə uyğun daha mükəmməl kadr yetişdirməkdə önəmli rol oynadığını bildirib. Qeyd edib ki, bu imkanlardan səmərəli istifadə edilməli, Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq ASC” ilə əlaqələr daha da möhkəmləndirilməlidir. Ən əsası yeni gətirilən texnikaların istismarına dair biliklərin mənimsənilməsi üçün yaradılan şəraitdən maksimum istifadə olunmalıdır.
Aqrar sahə üçün mühəndis kadrların hazırlanmasının ən aktual məsələlərdən biri olduğunu deyən İbrahim Cəfərov diqqətə çatdırıb ki, dövlətin dəstəyi ilə universitetin digər fakültələri kimi, mühəndislik fakültəsinin də maddi-texniki bazası yenidən qurulub, tədris binası əsaslı təmir edilib. Hazırda maşın-traktor parkı, müasir laboratoriyalar və auditoriyalar tələblərə tam cavab verir.
“Aqrolizinq ASC”-nin sədri Elşən Məmmədov çıxış edərək bildirib ki, cəmiyyətin xətti ilə gətirilən texnikaların, xüsusilə pambıqyığan maşınların istismar qaydalarının öyrənilməsi üçün iki istiqamətdə - tədris aparan müəllimlərin yenidən hazırlanması və tələbələrin cəmiyyətin müvafiq qurumlarında təcrübə keçməsinin təşkili üzrə əməkdaşlıq əlaqələri dərinləşdirilməlidir.
Görüşdə iştirak edən digər nümayəndələr və ekspertlər də mövcud imkanlardan, əməkdaşlıq əlaqələrinin istiqamətləndirilməsindən danışıblar.