REGİONLAR
Aqrar Universitetdə qəbul imtahanında 500-dən yuxarı bal toplayan abituriyentlərlə görüş keçirilib
Gəncə, 7 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ali təhsil müəssisələrinə keçirilən imtahanlarda Gəncə şəhəri üzrə 1-ci və 4-cü qruplar üzrə 500-dən yuxarı bal toplayan abituriyentlərlə görüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İbrahim Cəfərov 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü - torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, aqromühəndislik, meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, su bioehtiyatları və akvabitkilər, ekologiya, baytarlıq və əczaçılıq ixtisaslarını seçən abituriyentlərə Prezident İlham Əliyevin göstərişi əsasında universitetin büdcədənkənar vəsaiti hesabına 200 manat əlavə təqaüd veriləcəyini diqqətə çatdırıb. Bildirib ki, aqraryönümlü ixtisasların hamısı dövlət sifarişlidir. Tələbələr yüksək təhsillə yanaşı, müasir standartlara cavab verən tələbə evlərində yaşayış yerləri ilə də təmin olunurlar.
Rektor dövlətimizin başçısının aqrar sahəyə və aqrar təhsilə diqqəti və qayğısı nəticəsində Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazasının ən müasir standartlara uyğun yenidən qurulması, iki tələbə evinin gənclərin istifadəsinə verilməsi, universitetin müasir laboratoriyalar və avadanlıqlarla təchiz olunması barədə də danışıb. Qeyd edib ki, aqrar sahəyə savadlı kadr hazırlamaq üçün universitetdə hər bir şərait və tam şəffaf mühit mövcuddur.
Çıxışının sonunda rektor qəbul imtahanlarında yüksək nəticə əldə edən abituriyentləri təbrik edib, onlara uğurlar arzulayıb, ixtisas seçimi zamanı mövcud şəraitdən səmərəli və düzgün bəhrələnməyə çağırıb.
Görüşdə çıxış edən məktəb direktorları, müəllimlər, valideynlər və yüksək nəticə əldə edən abituriyentlər aqrar təhsilə diqqət və qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.