REGİONLAR
Aqrar Universitetdə quraşdırılmış yüksək texnologiyalı suvarma sistemləri layihəsinin təqdimatı keçirilib
Gəncə, 24 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Heydər Əliyev Fondu və İsrail səfirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Aqrar Universitetində quraşdırılmış yüksək texnologiyalı suvarma sistemləri layihəsinin təqdimatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru İbrahim Cəfərov ərzaq təhlükəsizliyinin bütün dünyada, o cümlədən də Azərbaycanda prioritet istiqamətlərdən olduğunu bildirib. Qeyd edib ki, bu sahədəki mövcud problemlərin həlli bilavasitə kənd təsərrüfatının kompleks inkişafından asılıdır. Hər il dünya əhalisinin artımı, əkinəyararlı torpaq sahələrinin azalması, antropogen təsirlər nəticəsində meşə ehtiyatlarının məhv edilməsi, qlobal miqyasda müşahidə olunan istiləşmə, bununla da dünyanın şirin su ehtiyatlarının getdikcə tükənməsi, dünya okeanının səviyyəsinin artması, əkinəyararlı torpaqların su altında qalması, düzgün olmayan suvarma nəticəsində bəzi ərazilərin eroziyaya, şoranlaşmaya məruz qalması, ümumilikdə isə ekoloji sistemin pozulması aqrar sahənin inkişafı üçün zəruri olan komponentlərin, xüsusən də şirin suyun daha səmərəli istifadəsini zəruri edib.
Bildirilib ki, universitet ərazisindəki yüksək texnologiyalı damla suvarma sistemi bu sahədə dünyanın aparıcı lideri və istixana təsərrüfatları üzrə yüksək məhsuldarlığına görə seçilən həllər təchizatçısı - İsrailin “NETAFIM” şirkəti tərəfindən quraşdırılıb. Suvarma sistemi və onun idarəetmə mərkəzi Heydər Əliyev Fondu və İsrailin Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşdırılıb.
Layihənin məqsədi Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrini bu demofarm vasitəsilə suvarmaya aid olan müxtəlif tədris proqramlarının keçirilməsindən və ondan düzgün istifadə qaydaları ilə tanış olmasından, eləcə də yüksək texnologiyalı bu suvarma sistemlərinin ölkədə fəaliyyət göstərən sahibkarlara və ya suvarma sistemini öz əkin sahəsinə quraşdırmaq niyyətində olan fermerlərə təqdimatından ibarətdir.
Heydər Əliyev Fondunun bu vaxtadək həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda təhsil, səhiyyə, mədəniyyət, ekologiya, yeni texnologiyaların tətbiqi, kənd təsərrüfatı və sair istiqamətlərdə böyük və unikal layihələr icra etdiyini deyən Fondun departament rəhbəri Soltan Məmmədovun sözlərinə görə, Azərbaycan Dövlət Aqrar Universitetində quraşdırılmış yüksək texnologiyalı suvarma sistemləri layihəsinin tətbiqi gələcəkdə bu sahədə təhsil alan kadrların həm nəzəri, həm də praktik bilik və bacarıqlarının artmasına töhfə olacaq. Həmçinin ölkədə kənd təsərrüfatı məhsullarının becərilməsi ilə məşğul olan fermerlərə bu cür sistemi tətbiq etməyə və yüksək məhsuldarlığa nail olmağa şərait yaradacaq.
Heydər Əliyev Fondu ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə edən “NETAFIM” şirkətinin Azərbaycan nümayəndəliyinin bölgə üzrə təmsilçisi İlya Krasnoşokov bu cür layihənin icrasının ölkəmizdə kənd təsərrüfatı sektorunun gələcək inkişafı baxımından uğurlu olacağını deyib. Bildirilib ki, “NETAFIM” şirkətinin təqdim etdiyi yeni texnologiya hər bir damlanı bitkinin inkişafı və məhsuldarlığı üçün müsbət fərqə çevirir. Belə ki, bu sistemin tətbiqi ilə ölkəmizin aqrar sektorunda əsas problemlərdən olan torpaqların şoranlaşmasının və su sərfiyatının qarşısını almaq, məhsuldarlığı isə bir neçə dəfə artırmaq mümkündür.
Sonra Azərbaycan Dövlət Aqrar Universitetində quraşdırılmış yüksək texnologiyalı suvarma sistemləri layihəsi çərçivəsində görülmüş işlər iştirakçılara təqdim olunub.
Bu sistemin dünyada ən müasir sistem olduğunu deyən “NETAFIM” şirkətinin Azərbaycan nümayəndəliyinin bölgə üzrə təmsilçisi İlya Krasnoşokov burada quraşdırılmış idarəetmə mərkəzi, 4 cür filtr və 4 cür gübrələmə sistemi, 2 növ suvarma (damcı, çiləmə) və 8 üsulda aparılacaq sulama texnologiyası haqqında ətraflı məlumat verib, ənənəvi, intensiv və superintensiv bağlarda torpaqaltı və torpaqüstü suvarmanın üstünlüklərini izah edib.