REGİONLAR
Aqrar Universitetin Baytarlıq Klinikası tibbi xidmətlər təklif edir
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) açılmış Baytarlıq Klinikası ev heyvanlarına xidmət göstərməyə tam hazırdır.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Türkiyə, Kanada, Almaniya, ABŞ və Cənubi Koreyada istehsal olunmuş 29 adda avadanlıq və alət Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə klinikaya verilib. Klinikada baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin təcrübəli baytar həkimləri tərəfindən heyvanların müayinəsi, ultrasəslə müayinə, rentgen, cərrahi əməliyyatlar müasir standartlara uyğun həyata keçirilir. Qeydiyyat, müayinə, ultrasəslə müayinə, rentgen, cərrahi əməliyyat otaqları xüsusi antibakterial örtüklə üzlənib, mebel, tibbi şkaflar və digər avadanlıqlarla təchiz edilib.
Klinikanın təklif etdiyi xidmətlərdən faydalanmaq istəyənlər Gəncə şəhəri, Ozan küçəsi 210 ünvanında yerləşən ADAU-nun baytarlıq korpusuna (Tel: 050-614-96-61, 022-256-37-83, 022-256-02-27) müraciət edə bilərlər.