REGİONLAR


Aqrar Universitetin alimləri Strateji Yol Xəritəsində nəzərdə tutulan hədəfləri və istiqamətləri müzakirə ediblər

Gəncə, 23 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsinin hədəfləri və prioritet istiqamətləri müzakirə olunub.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Strateji Yol Xəritəsinin ölkənin aqrar sektorunun inkişafına verəcəyi töhfələrdən danışıb.

ADAU-da görülən işlərdən də söz açan nazir müavini qeyd edib ki, ötən müddətdə təhsil müəssisəsi tərəfindən təhsilin keyfiyyətini artırmaq üçün müasir tələblərə cavab verən kurikulumların işlənib hazırlanması davam etdirilib. Bu kurikulumların hazırlanması, eyni zamanda, aqraryönümlü ixtisasların kənd təsərrüfatı sahəsində mövcud əmək bazarının tələblərinə uyğun formalaşdırılmasını təmin edəcək. Bundan əlavə, aqrar sahədə təhsilin cəlbediciliyini artırmaq üçün maarifləndirmə-təbliğat proqramları həyata keçirilib və universitet məzunlarının işlə təmin olunmasına kömək göstərilib. Beynəlxalq təcrübə nəzərə alınmaqla, Aqrar Universitetdə təhsilin keyfiyyətini artırmaq üçün müasir tələblərə cavab verən kurikulumların işlənib hazırlanması indi də davam edir.

Aqrar Universitetin rektoru İbrahim Cəfərov bildirib ki, universitetin aqrar profilli təhsil müəssisələri, kənd təsərrüfatı məhsulları istehsalçıları və emalı müəssisələri ilə əməkdaşlığı genişləndirilib. Bu cür əməkdaşlıq çərçivəsində regional aqrar elm mərkəzlərində və təsərrüfatlarda aparılan sorğular vasitəsilə gələcək məzunların sayı, eləcə də bilik və bacarıqlar üzrə tələblər müəyyən edilib. Kənd təsərrüfatı məhsulları istehsalçıları ilə aparılan məsləhətləşmələr nəticəsində peşələrin və müvafiq kurikulumların tələblərə uyğunluğu təmin edilib, həmçinin istehsalat təcrübələrinin keçirilməsi üçün əməkdaşlıq əlaqələri qurulub. Təhsil müəssisəsinin maddi-texniki bazası yaxşılaşıb. Hazırda aqraryönümlü peşələr üçün müasir dövrün tələblərinə uyğun yeni tədris modulları, o cümlədən ali məktəblər üçün yeni tədris materialları yazılır və nəşr edilir. Nəzərdə tutulan tədbirlərin reallaşdırılması nəticəsində aqraryönümlü ixtisaslar üzrə ali təhsil müəssisələrində təhsil alanların sayı 20, aqraryönümlü peşələr üzrə təhsil alanların sayı 20, beynəlxalq konfranslarda, seminarlarda, ixtisasartırma kurslarında iştirak edən aqrar təhsil müəssisələrinin müəllim və tədqiqatçılarının sayı 30 faiz artacaq.

ADAU-nun tədris işləri üzrə prorektoru Anar Hətəmov görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edib. Strateji Yol Xəritəsində təhsil müəssisəsinin üzərinə düşən vəzifələri təhlil edib, tədrisə və təcrübəyə tətbiq edilən yeniliklərdən danışıb.

Həmçinin müzakirələrdə Strateji Yol Xəritəsi çərçivəsində kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı sektorunda həyata keçiriləcək prioritetlər nəticəsində ÜDM-in 1.235 milyon manat artacağı, təxminən 20 min yeni iş yerinin açılacağı diqqətə çatdırılıb.

Qeyd edilib ki, 2020-ci ilədək nəzərdə tutulan tədbirlərin reallaşdırılması nəticəsində 2015-ci illə müqayisədə ət istehsalının 20 faiz, süd istehsalının 30 faiz, pambıq istehsalının həcminin ən azı 4 dəfə artması proqnozlaşdırılır. Ümumilikdə isə Strateji Yol Xəritəsində əksini tapan tədbirlərin həyata keçirilməsi kənd təsərrüfatı məhsullarının istehsalının artmasına, kənd təsərrüfatı sahəsində elm və təhsilin keyfiyyətinin yüksəldilməsinə, bazar infrastrukturunun inkişafı nəticəsində istehsalçıların bazara çıxışının asanlaşmasına səbəb olacaq.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Namiq Məmmədov, Aqrar Elm və İnnovasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev də iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.