REGİONLAR
Aqrar Universitetin balıq yetişdirmə laboratoriyasında törədici balıqlardan ilk dəfə kürü alınacaq VİDEO
Gəncə, 12 aprel, Rauf Hacıyev, AZƏRTAC
Aqrar Universitetin balıq yetişdirmə laboratoriyasının hovuzlarında 10 minə yaxın adi çəki, rəngli çəki, karp, enlialın, ağ Amur balıq cinsləri yetişdirilir. Aprelin sonlarında törədici balıqlardan ilk dəfə kürü alınacaq.
AZƏRTAC xəbər verir ki, strateji sahələrdən hesab edilən balıqçılığın inkişafına nail olmaq, insanları ekoloji cəhətdən təmiz, yüksək kalorili dəniz mənşəli qida məhsulları ilə təmin etmək məqsədilə 2014-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ölkəmizdə ilk dəfə olaraq elmi əsaslarla işlənib hazırlanmış qapalı və açıq balıq yetişdirmə laboratoriyası yaradılıb.
Laboratoriyanın əməkdaşı Sənəm İbrahimova bildirib ki, qapalı və açıq sahədə balıq yetişdirmə təsərrüfatının yaradılmasında bir neçə məqsəd qarşıya qoyulub. Birincisi, ADAU-nun balıqçılıq ixtisasının bakalavriat və magistr pilləsində təhsil alan tələbələr laboratoriyanın fəaliyyətindən geniş istifadə edə bilirlər. Tələbələrin ixtisaslarına uyğun təsərrüfatda işə cəlb olunması onların yalnız nəzəri baxımdan deyil, həm də təcrübi olaraq peşə biliklərinə və vərdişlərinə yiyələnməsinə şərait yaradır. Bu cür tələbələr gələcəkdə nəinki güclü kadrlar kimi yetişir, həm də onlarda yeni metodlarla, innovativ üsullarla təsərrüfat qurmaq və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq vərdişi yaranır.
Balıqyetişdirmə laboratoriyasının yaradılmasında qarşıya qoyulan digər məqsəd isə ondan ibarətdir ki, burada yetişdirilən balıqların cins və say çoxluğunu təmin etməklə gələcəkdə ölkədə balıqçılıq sənayesinin inkişafına töhfə vermək və bu sahənin əmtəə xarakterli təsərrüfata çevrilməsinə nail olmaqdır.
Sənəm İbrahimova qeyd edib ki, hazırda təsərrüfat sahəsində 16 hovuz tikilib, istifadəyə verilib. Hovuzlarda 10 minə yaxın adi çəki, rəngli çəki, karp, enlialın, ağ Amur balıq cinsləri yetişdirilir. Balıqların yemlənməsi, mayalandırılması, onlara nəzarət və digər texnoloji proseslər universitetin balıqçılıq sahəsi üzrə ixtisaslı professor-müəllim heyətinin göstərişləri ilə tam olaraq müvafiq ixtisaslarda təhsil alan tələbələr tərəfindən həyata keçirilir. Universitetdə yaradılan sistem əsasən qızılbalıq yetişdirilməsi üçün nəzərdə tutulsa da, yerli iqlim xüsusiyyətləri nəzərə alınaraq, hovuzlara çəki balıqları da buraxılıb.
Sonda Sənəm İbrahimova onu da vurğulayıb ki, bu günə qədər balıqlar cinsi yetişkənliyə çatmadıqları üçün təsərrüfat natamam hesab olunurdu. Lakin, aprel ayının sonunda törədici balıqlardan ilk dəfə olaraq kürü alınacaq ki, bununla da toplanılan kürülərin mayalanması və yeni balıqların yetişdirilməsi ilə təsərrüfatda tam sistemli fəaliyyətə başlanılacaq.