REGİONLAR
Aqrar Xidmətlər Agentliyində rayon baytarlıq idarələrinin rəhbərləri ilə görüş keçirilib
Bakı, 15 noyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) rayon baytarlıq idarələrinin rəhbəri ilə görüş, həmçinin xüsusi təhlükəli xəstəliklərə dair təlim keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə AXA-nın sədri Seymur Mövlayev baytarlığın strateji sahə olduğunu qeyd edərək, aparılan epizootik tədbirlərin səviyyəsinin yüksəldilməsi, ölkənin epizootik sabitliyinin təmin edilməsi və profilaktik peyvəndləmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, görüş və təlimlərin keçirilməsində əsas məqsəd profilaktik tədbirləri vaxtında yerinə yetirmək, işin səmərəliliyini, operativliyini, eləcə də baytar mütəxəssislərin peşə və bilik səviyyəsini artırmaq, yaranmış problemlərin vaxtında həllini təmin etməkdir. S.Mövlayev bildirib ki, AXA-nın əsas hədəfləri daim fermerlərin yanında olmaq, vətəndaşlara layiqincə xidmət göstərmək, xidmətlərin keyfiyyətini yüksəltmək, yeni yanaşma vərdişlərinə yiyələnmək, icra intizamını gücləndirmək, şəffaflığı və vətəndaş məmnunluğunu təmin etməkdir. Bu hədəflərə nail olmaq üçün yerlərdə baytarlıq idarələri rəhbərlərinin üzərinə mühüm vəzifələr qoyulduğunu önə çəkən sədr innovativ texnologiyaların tətbiqinin, eləcə də etik davranış qaydalarına əməl olunmasının, heyvan xəstəliklərinin müalicə-profilaktikasında yeniliklərin öyrənilməsinin və mütəmadi təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb.
Baytarlıq sahəsində görülmüş işlər, qarşıda duran hədəflər barədə ətraflı məlumat verən sədr müavini B.Rzayev ölkədə epizootik sabitliyin qorunub saxlanılmasının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Heyvan sahibləri ilə daim görüşlərin keçirilməsinin, xəstəliklər barəsində maarifləndirmə işlərinin aparılması və təbliğat-təşviqat işlərində dönüş yaratmaqla xüsusi təhlükəli xəstəliklərə qarşı istifadə edilən vaksinlərin “soyuq zəncir” prinsipi əsasında heyvanların baş sayına uyğun tətbiq edilməsinin, sənədləşmənin vaxtında və düzgün tərtib olunmasının önəmi qeyd edilib.
Tədbirin sonunda S.Mövlayev rayon baytarlıq idarələrinə günün tələbləri səviyyəsində fəaliyyət göstərmələrini, mütəmadi olaraq heyvan sahiblərinin yanında olmalarını, eləcə də qarşıya qoyulan hədəflərə çatmaq üçün müasir metodlardan düzgün istifadə etmələrini tövsiyə edərək, mövcud çatışmazlıqların qısa zamanda aradan qaldırılması ilə bağlı görüləcək tədbirlər barədə müvafiq tapşırıqlar verib.
Görüş çərçivəsində “Xüsusi təhlükəli xəstəliklər - bradzod, bruselyoz, xırdabuynuzlu heyvanların çiçək, donuzların klassik taunu, dabaq, leptospiroz, manqo, nodulyar dermatit, pasterelyoz, qan-parazitar, quduzluq, qarayara xəstəlikləri, biomühafizə və biotəhlükəsizliklər” qaydalarına dair ikigünlük təlimlərə başlanılıb və AXA-nın mütəxəssisləri qeyd olunan mövzular üzrə təqdimatlarla çıxış edərək yeni məlumatlar veriblər.
Görüşdə iştirak edən 14 rayon baytarlıq idarəsinin rəhbərinin qısa məruzələri dinlənilib, müvafiq təkliflər səsləndirilib və aparılacaq peyvəndləmə tədbirlərinin uğurla başa çatdırılacağı bildirilib.
Qeyd edək ki, təlimlər bütün rayon baytarlıq idarələri üçün nəzərdə tutulub.