CƏMİYYƏT


Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən monitorinqlər aparılıb

Bakı, 13 avqust, AZƏRTAC

Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən fiziki və hüquqi şəxslərə məxsus kənd təsərrüfatı texnikalarının dövlət texniki baxışının keçirilməsi və dövlət qeydiyyatına alınması ilə bağlı Quba, Qusar və Xaçmaz rayonlarında növbəti monitorinqlər keçirilib.

Aqrar Xidmət Agentliyindən AZƏRTAC-a bildirilib ki, monitorinqlər zamanı texniki baxışa təqdim edilməyən, dövlət qeydiyyatına alınmayan və sürücülük vəsiqəsi olmadan texnikaları idarə edənlər barədə inzibati protokollar tərtib olunub. Həmçinin kənd təsərrüfatı texnikalarının istismar qaydalarına riayət edilməsi, dövlət qeydiyyatına alınmayan texnikaların dövlət qeydiyyatına alınması, məhsulun yığımı və daşınması vaxtı texniki təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı texnika istifadəçiləri maarifləndirilib. Eyni zamanda, texniki baxışdan keçməyən texnikalar texniki baxışa cəlb olunub, dövlət qeydiyyatına alınıb və etibarlıq müddəti bitmiş sürücülük vəsiqələri dəyişdirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında” Nümunəvi Əsasnamənin 1.4-cü bəndinə əsasən respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışı ildə bir dəfə həyata keçirilir. Şəxs nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 (iyirmi) gün müddətində nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən məsuliyyətə cəlb olunmur.

Aqrar Xidmətlər Agentliyi texnika istifadəçilərini yol hərəkəti qaydalarına riayət etməyə çağırır.

Agentliyin əməkdaşları tərəfindən bölgələrdə maarifləndirmə işləri həyata keçirilməklə monitorinqlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.