CƏMİYYƏT
“Aqrar məşğulluğun artırılması” layihəsi çərçivəsində gənc fermerlər üçün Qaxda təcrübə proqramı təşkil olunub
Bakı, 19 oktyabr, AZƏRTAC
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirdiyi FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FAPP) çərçivəsində reallaşdırılan layihəyə əsasən Qəbələ, Oğuz, Biləsuvar, Beyləqan, Samux rayonlardan olan 8 gənc fermer ölkənin aparıcı arıçılıq təsərrüfatı olan “API DELTA Group” MMC-də təcrübə keçmək imkanı əldə ediblər.
FAO-nun Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, arıçılıq fəaliyyətinə maraq göstərən bu gənclər Qax rayonunda yerləşən təsərrüfat sahəsində həm nəzəri, həm də praktiki biliklər əldə edib, birbaşa iş prosesinə cəlb olunublar.
Damazlıq ana arı və arı südü əldə olunması, bal məhsulu üçün ən yaxşı bitkilər və ağaclar, arıların gənə və digər zərərverici ilə mübarizə, dərmanlama prosesi və digər biliklər əldə edən gənc fermerlər, həmçinin sahədə stasionar və köçəri arıxanalarla, köçürülən arıların məhsuldarlığı ilə tanış olublar. Təcrübə proqramının sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirdiyi FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FAPP) çərçivəsində həyata keçirilən layihə, Azərbaycanın kənd təsərrüfatı sektorunda gənclərin məşğulluğunun artırılmasını təşviq edir. Layihə çərçivəsində xüsusilə kənd yerlərində gənc fermerlərin özünüməşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsinə yönəlmiş “Aqrar məşğulluğun artırılması” (AMAL) layihəsinin əsas məqsədi regionlarda yaşayan gənclərin aqrar məşğulluğunun artırılmasına və sahibkar kimi formalaşmalarına dəstək verməkdir.