REGİONLAR


Aqrar sahə ilə bağlı Prezident Administrasiyasına daxil olan müraciətlərin sayı azalıb

Bakı, 8 fevral, AZƏRTAC

Ötən illə müqayisədə Prezident Administrasiyasına daxil olan müraciətlərin sayının azaldığı mövzulardan biri də kənd təsərrüfatı məsələləridir. Kənd təsərrüfatı məhsullarının tədarükü, emalı, saxlanması və satışına dəstək verilməsi, subsidiyaların ayrılması, aqrolizinq məsələlərinə nəzarətin artırılması bu mövzuda daha az müraciət edilməsinə səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov “Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” başlıqlı məqaləsində yazıb.

2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin və onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili yazıda deyilir: “Cənab Prezidentin qeyd etdiyi kimi, strateji sahə olan aqrar sahə həm iqtisadi, həm də sosial sahədir. Əhalinin 47 faizinin kənd yerlərində yaşadığı nəzərə alınaraq son illərdə bu sahəyə göstərilən diqqət xeyli artırılmış, bununla da əhalinin məşğulluq probleminin həllinə ciddi yardım göstərilmişdir. Görülən tədbirlər nəticəsində Azərbaycan həm öz ərzaq təhlükəsizliyini təmin edir, həm də ixrac potensialını gündən-günə artırır. Bu sahədə innovasiyaların tətbiqi də diqqət mərkəzindədir. Ölkə Prezidenti 2019-cu il yanvarın 24-də Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun açılışında Elektron Kənd Təsərrüfatı layihəsinin təqdimatını müsbət qiymətləndirərək bir daha qeyd etmişdir ki, Azərbaycanda kənd təsərrüfatının inkişafına çox böyük dövlət dəstəyi var və hazırda bu sahədə islahatlar uğurla davam etdirilir”.

Məqalədə bildirilir ki, kənd təsərrüfatının inkişafında əsas amillərdən biri olan meliorasiya və su təsərrüfatı məsələlərinə aid müraciətlərin sayının ötən il 6,2 faiz azalması da dövlət başçısının bu sahəyə müstəsna diqqətinin nəticəsidir. Son 15 ildə tikilən və tutumu 470 milyon kubmetr olan Taxtakörpü, Tovuzçay, Şəmkirçay, Göytəpə su anbarlarının, suvarma kanallarının və subartezian quyularının istifadəyə verilməsi həm yeni yaradılan aqroparkların, həm də fərdi fermer təsərrüfatlarının su təchizatında olan problemlərin həllinə imkan verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.