İQTİSADİYYAT


Aqrar sahədə Azərbaycan-Rusiya əlaqələri yüksək səviyyədədir YENİLƏNİB

Bakı, 27 sentyabr, AZƏRTAC

2017-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 4,2 faiz artıb. Ötən il Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracı 3,8 dəfə, pambıq ixracı isə 8,6 dəfə artıb. Bu göstəricilər aqrar sahədə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsindən xəbər verir.

AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 27-də Bakıda keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində “Aqrar sahədə əməkdaşlığın inkişafı” mövzusunda təşkil edilmiş “dəyirmi masa”da danışılıb.

“Dəyirmi masa”da müvafiq dövlət orqanlarının, aqrar sahədə ixtisaslaşmış şirkətlərin və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq ildən-ilə genişlənir. O, ölkəmizin Rusiya ilə birgə bu sahədə layihələrin reallaşdırılmasında, innovasiyaların tətbiqində maraqlı olduğunu diqqətə çatdırıb.

Rusiyanın kənd təsərrüfatı nazirinin müavini Sergey Levin isə Azərbaycanın aqrar məhsullarına Rusiyada böyük maraq olduğunu, hər iki ölkənin aqrar sahədə çalışan iş adamlarının uğurla əməkdaşlıq etdiyini vurğulayıb.

O diqqətə çatdırıb ki, Rusiya Azərbaycana böyük miqdarda taxıl məhsulları, Azərbaycan isə Rusiyaya meyvə və tərəvəz məhsulları ixrac edir. Rusiya istehsalçıları Azərbaycana taxıl məhsulları ilə yanaşı, şəkər tozu, süd və digər kənd təsərrüfatı məhsulları göndərmək, birgə müəssisələr yaratmaqda maraqlıdırlar.

Nazir müavini əlavə edib ki, hər iki ölkənin regionları arasında da əməkdaşlıq sahəsində böyük perspektivlər mövcuddur. O deyib ki, regionlarda mühüm layihələrin həyata keçirilməsi qarşıda duran əsas məqsədlərdən biridir.

“Dəyirmi masa”da hər iki ölkənin kənd təsərrüfatı sahəsində təcrübəsinə, bu sahədə tətbiq olunan qabaqcıl texnologiyalara və yeniliklərə, ixracın genişləndirilməsinə, əməkdaşlığın inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb, regionların investisiya potensialına və aqrar sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyətinə dair təqdimatlar keçirilib. Həmçinin aqrar sahədə müştərək layihələrin reallaşdırılması təcrübəsi, regionların investisiya potensialının təqdimatlarının keçirilməsi, Rusiya ilə Azərbaycanın aqrar sahədə əməkdaşlığının inkişaf etdirilməsi mexanizmləri, aqrar-sənaye kompleksi sahəsində qarşılıqlı fəaliyyətin perspektivləri, kənd təsərrüfatı, tikinti-yol texnikasının və digər avadanlığın satışı və aktual məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.