CƏMİYYƏT


Aqrar sahədə Cənubi Koreya təcrübəsi öyrənilir

Bakı, 15 avqust, AZƏRTAC

Koreya Regionların İnkişafı İnstitutu və Kooperativ İnkişaf İnstitutunun nümayəndə heyəti ölkəmizdə səfərdədir. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəvəti ilə ölkəmizdə səfərdə olan qonaqlar Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətində (ASC) olub, Cəmiyyətin rəhbər şəxsləri ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Cənubi Koreya arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin mövcud vəziyyətindən, o cümlədən aqrar sahədəki əməkdaşlıqdan məmnunluq ifadə edilib, Aqrar Tədarük və Təchizat ASC ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi, eləcə də bu sahədə ixtisaslaşmış qurumlar arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycanın tədarük və təchizat sisteminin daha da təkmilləşdirilməsi sahəsində Koreya təcrübəsinin öyrənilməsi və tətbiqi müzakirə edilib.

Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova Cənubi Koreya nümayəndə heyəti ilə keçirilən görüşün ölkəmizdə aqrar sahənin inkişafında müstəsna rolu olacağını bildirib: “Cənubi Koreya ilə Azərbaycan arasında dostluq münasibətləri mövcuddur, müxtəlif sahələr üzrə əməkdaşlığımız var. Aqrar sahədə Koreyanın zəngin təcrübəsi var, biz bu təcrübənin öyrənilməsində və ölkəmizdə tətbiqində maraqlıyıq. Bunun üçün bu ölkənin müvafiq qurumları ilə davamlı görüşlər keçiririk. Aqrar sahədə fəaliyyət göstərən fermerlərdən ibarət kooperativlərin yaradılmasında Koreyanın zəngin təcrübəsindən yararlanmaq Azərbaycanda bölgələrdə kənd təsərrüfatının inkişafı, fermerlərin bu sahədə təşkilatlanması istiqamətində görülən işlərin daha da sürətlənməsinə və genişlənməsinə təkan verəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.