REGİONLAR


Aqrar sahədə innovativ informasiyanın inkişaf istiqamətləri araşdırılıb

Gəncə, 9 fevral, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə “Aqrar sahədə innovativ informasiya sisteminin formalaşması və inkişaf istiqamətləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfrans Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzi, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu (BMTBETİ), Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Gəncə Təcrübə Stansiyası, Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən birgə təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, BMTBETİ-nin direktoru Vüqar Bəşirov konfransı açaraq Azərbaycanda aparılan aqrar islahatlar nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalının daha da artırılması, məhsuldarlığın yüksəldilməsi, intensiv əkinçiliyin inkişafı üçün əlverişli mühitin yarandığını bildirib. Qeyd olunub ki, bu imkanlardan istifadə etmək üçün aqrar sahədə yeni texnologiyaların tətbiqi, elmi-innovativ tədqiqatların aparılması aktual bir məsələ kimi qarşıya qoyulub. Bir sıra qurumların birgə təşkilatçılığı ilə keçirilən elmi-praktik konfrans həm alimlərin elmi nəticələrinin bir-biri ilə bölüşməsinə, həm də fermerlərlə qarşılıqlı müzakirə şəraitində innovativ texnologiyaların istehsalatda tətbiqinə təkan verəcək.

Sonra Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru M.Hacıyev “Heyvandarlıqda embrion köçürmə”, institutun Arıçılıq Mərkəzinin direktoru A.Seyidov “Süni mayalandırma əsasında arıçılıqda damazlıq işinin təşkili”, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Ə.Tağıyev “Pambıq sortlarının seleksiyası və ilkin toxumçuluğunun təşkili”, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Gəncə Təcrübə Stansiyasının direktoru M.İsmayılov “Azərbaycanda üzüm tingçiliyinin mövcud vəziyyəti və perspektivləri” mövzusunda elmi məruzələrlə çıxış ediblər.

Konfransda, həmçinin BMTBETİ-nin şöbə müdiri K.Hüseynovun “Bitkilərin mühafizəsində bioloji vasitələrin rolu”, institutun elmi işçisi S.Hüseynovanın “Aqrar sahədə coğrafi informasiya sistemlərinin inkişaf istiqamətləri” və institutun direktoru V.Bəşirovun “İqlim dəyişikliklərinə uyğunlaşan kənd təsərrüfatı təcrübələri”, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri N.Həsənovun “Heyvandarlıqda yem istehsalının problemləri” mövzusunda məruzələri dinlənilib.

Yüz iyirmidən çox iştirakçının qatıldığı elmi-praktik konfransın sonunda alimlərin tədqiqat nəticələrini praktik cəhətdən nümayiş etdirmək məqsədilə mövsümə uyğun olaraq nümayiş təcrübələrinin təşkili, fermerlərlə tarla seminarları və sair kimi görüşlərin mütəmadi keçirilməsi haqqında razılığa gəlinib.

Konfransda Gəncə və ətraf rayonlarda yerləşən elmi-tədqiqat institutlarının və universitetlərin alimləri, Yevlax, Goranboy, Samux, Göygöl, Şəmkir, Tovuz Dövlət Aqrar İnkişaf mərkəzlərinin, Regional Aqrar Elm və İnnovasiya mərkəzlərinin (RAEİM) rəhbərləri, mütəxəssisləri, qabaqcıl fermerləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.