REGİONLAR
Aqrar sahədə təlimçilər üçün təlim proqramının tədrisinə başlanılıb
Bakı, 1 oktyabr, AZƏRTAC
Aqrar sahədə peşəkar təlimçilərin hazırlanması məqsədilə təlimçiliyə namizədlərlə görüşlər keçirilib və təlimlərə başlanıb. Sentyabrın 23-27-də Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının 12 əməkdaşına təlimçilər üçün təlim proqramı tədris olunub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu həftə seçim turundan uğurla keçmiş növbəti qrup mütəxəssislər təlimə qatılıblar və proses növbəti həftələrdə də davam etdiriləcək.
Təlim və təhsil şöbəsinin müdiri İmran Cümşüdov bildirib ki, layihənin məqsədi Kənd Təsərrüfatı Nazirliyinin təlimçi və təlim bazasını möhkəmləndirmək, aqrar sektorun müxtəlif sahələri üzrə ixtisaslaşmış mütəxəssislər hazırlamaq, nazirliyin və fermerlərin gələcək təlim ehtiyaclarını daxili imkanlar hesabına təmin etməkdir. Bununla yanaşı, layihə çərçivəsində nazirliyin agroinfo.az təlim portalının imkanlarının genişləndirilməsi, onlayn təlimlərin keçirilməsi də nəzərdə tutulub.
Layihə çərçivəsində, həmçinin yeni təlim qiymətləndirmə və dəyərləndirmə mexanizmi və təlimçilər üçün yaddaş kitabçası hazırlanacaq.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi ilə “MS Professional Trainings and Career Center” MMC şirkəti arasında bağlanmış müqavilə əsasında bu il avqustun 1-dən nazirliyin Mərkəzi Aparatının Təhsil və təlim şöbəsinin təşkilatçılığı ilə ölkə üzrə aqrar sahədə peşəkar təlimçilərin formalaşdırılması layihəsinə start verilib. Layihə çərçivəsində aqrar sahənin əsas istiqamətləri üzrə 120 peşəkar təlimçinin hazırlanması nəzərdə tutulur.