REGİONLAR
Aqrar sahədə uğura aparan yol - torpağa bağlılıq və zəhmətsevərlik
Bərdə, 12 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Aqrar sahədə uğura, ilk növbədə, torpağa sevgi və zəhmətsevərlik sayəsində nail olmaq mümkündür. Dövlətimiz tərəfindən fermerlərə hərtərəfli qayğı göstərilir, qabaqcıl fermerlər mükafatlandırılır. Fermerlər dövlətimizin bu qayğısından bəhrələnərək, torpağa, bitkilərə düzgün aqrotexniki qulluq göstərə və müasir texnologiyaların tətbiqi ilə yüksək məhsuldarlıq əldə edə bilərlər.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilən “Ayın fermeri” müsabiqəsinin qalibi, Bərdə rayonundan olan fermer İkram Ziyadov deyib.
İkram Ziyadov 2007-ci ildə toxumçuluq müəssisəsi kimi yaratdığı təsərrüfatı növbəti illərdə daha da genişləndirib. Təsərrüfatda hazırda toxumçuluqla yanaşı tərəvəzçilik, pambıqçılıq, baramaçılıq və heyvandarlıq da inkişaf etdirilir. Fermer aqrar sahədə uğurlu fəaliyyətinə görə ötən il Prezidentin Sərəncamı ilə "Tərəqqi" medalı, Kənd Təsərrüfatı naziri tərəfindən isə təşəkkürnamə ilə təltif edilib. Bu il isə taxıl sahəsindən buğda üzrə orta hesabla 54, arpa üzrə 45 sentner məhsul əldə edərək, ölkə üzrə “Ayın fermeri” müsabiqəsinin qalibi elan edilib.
Bərdəli fermer bildirib ki, təsərrüfatında 2020-ci ilin məhsulu üçün 330 hektar sahədə buğdanın “Murov-2”, “Şəfəq-2” və “Qırmızı gül”, "Tanya" sortları, 140 hektarda arpanın “Qarabağ 22” və "Qarabağ-33" sortları, 100 hektardan çox sahədə toxumluq yonca becərib. Sahələrə düzgün aqrotexniki qulluq göstərilməsi bol məhsulun yetişməsinə səbəb olub. İstehsal olunan taxıl təmizlənərək çeşidlənir, laboratoriya müayinəsindən keçirilir, kisələrə yığılır, R1 və R2 reproduksiyalı toxum fermerlərə satılır.
İkram Ziyadov cari ilin məhsulu üçün həmçinin 14 hektarda pambıq, 25 hektarda qarğıdalı, 2 hektarda pomidor, 3 hektarda soğan, 1 hektarda lobya becərib, 4 qutu ipəkqurdu toxumu bəsləyərək 144 kiloqram barama istehsal edib.
Heyvandarlıq sahəsində də uğurlu nəticələrə nail olan fermerin təsərrüfatda hazırda 170 baş iribuynuzlu, 550 baş xırdabuynuzlu heyvan saxlanılır. Bu il lizinq yolu ilə 15 baş "Simmental" cins inək gətirilib. İnək və camışlardan sağılan süd emal olunur, çiyə, yağ, pendir istehsal edilərək satışa çıxarılır. Yeni doğulan dişi buzovlar yetişdirilərək fermanın düyə ehtiyacını qarşılayır. Erkək buzovlar isə ətlik istiqamətdə bəslənilir.
Təsərrüfatı daha da genişləndirməyi hədəfləyən bərdəli fermer əkin sahələrini artırmaq, heyvandarlığı inkişaf etdirmək, südlük istiqamətli cins heyvanlar almaq fikrindədir.