İQTİSADİYYAT
“Aqrarkredit” QSC Azərbaycan Banklar Assosiasiyasının təşəbbüsünə qoşulub
Bakı, 11 avqust, AZƏRTAC
İyulun 28-də Türkiyə Cümhuriyyətinin müxtəlif bölgələrində, xüsusilə turistlərin istirahət etdiyi zonalarda baş verən və hələ də davam edən şiddətli yanğınlar təbiətə, ekosistemə, ölkənin meşə fonduna ciddi zərər vurub. Meşə fondunun yenidən dirçəldilməsi, məhv olan yaşıllığın bərpası məqsədilə Azərbaycan Banklar Assosiasiyası tərəfindən irəli sürülmüş xeyirxah təşəbbüsə “Аqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı (“Aqrarkredit” QSC) da qoşularaq, kredit təşkilatlarında çalışan hər bir əməkdaşın adına 5 ədəd ağac tinginin (hər əməkdaş üçün 50 TL məbləğində) Türkiyə Respublikasına bağışlanması üçün qərar qəbul edib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, “Аqrarkredit”də cəmi 283 nəfər işçinin çalışdığı nəzərə alınaraq, 1415 ədəd ağac tinginin alınması məqsədilə 1660 ABŞ dolları məbləğində vəsait Azərbaycan Banklar Assosiasiyasının təklif etdiyi hesaba köçürülüb. “Аqrarkredit” QSC hər zaman bütün Azərbaycan xalqı kimi qardaş Türk xalqının yanındadır. “Аqrarkredit” QSC-nin kollektivi inanır ki, zərər görmüş Türkiyə təbiəti qısa müddət ərzində bərpa olunacaq və yenidən yaşıllığa bürünəcək.