REGİONLAR


“Aqrarkredit” yarım il üzrə fəaliyyətini uğurla başa vurub

Bakı, 29 iyul, AZƏRTAC

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (“Aqrarkredit” QSC) cari ilin birinci yarısında Prezident İlham Əliyevin ölkədə müəyyənləşdirdiyi iqtisadi siyasətə uyğun olaraq kənd təsərrüfatının inkişafına yardım göstərmək məqsədilə kənd yerlərində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarıq subyektlərinə respublikanın bütün ərazisini əhatə edən 12 regional filialı vasitəsilə kredit xidməti göstərərək kənd təsərrüfatı və emal sahələrinin maliyyələşdirilməsində aktiv rol oynayıb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, “Aqrarkredit”in əsas hədəf auditoriyası respublikanın regionları, xüsusilə də kənd yerlərində fəaliyyət göstərdiyinə görə kredit təşkilatı tərəfindən ölkənin 64 şəhər və rayonunun 1500 yaşayış məntəqəsində (kənd və qəsəbə) hüquqi və fiziki şəxslərə, borclular qruplarına, ailə kəndli təsərrüfatlarına kredit xidməti göstərilib.

“Aqrarkredit” tərəfindən bu ilin birinci yarısında öz vəsaitləri, eləcə də “Sahibkarlığın İnkişafı Fondu”, “Aqrar Kredit və İnkişaf Agentliyi” vəsaitləri hesabına 482 sahibkarlıq subyektinə 12,1 milyon manat məbləğində kredit verilib. QSC-nin iyunun 30-na kredit portfeli 5765 sahibkarlıq subyekti üzrə 87,2 milyon manat təşkil edib.

Ümumilikdə 2004-cü ildən indiyədək “Aqrarkredit” QSC tərəfindən 33 mindən çox hüquqi və fiziki şəxslərə, borclular qruplarına, ailə kəndli təsərrüfatlarına 350 milyon manatdan çox kredit verilib ki, bu da təxminən 25 min yeni iş yerlərinin açılması, eyni zamanda, kənd təsərrüfatında çalışan insanların sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması deməkdir.

QSC ilin birinci yarısını mənfəətlə başa vurub. İyunun 30-na kredit təşkilatının aktivləri 12 milyard 423,9 milyon manat, öhdəlikləri 12 milyard 393,2 milyon manat, məcmu kapitalı 30,7 milyon manat, nizamnamə kapitalı 22,7 milyon manat təşkil edib.

“Aqrarkredit”in məqsədlərindən biri də ixracyönümlü kənd təsərrüfatı məhsul istehsalçılarının maliyyə və kredit vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsinə dəstək olmaq və ölkəmizin ixrac potensialının artırılmasına, ölkəyə xarici valyuta gətirməklə valyuta ehtiyatının artırılmasına töhfə verməkdir.

Ölkənin kənd təsərrüfatına xidmət edən ən böyük bank olmayan kredit təşkilatı olan QSC öz strateji məqsədlərinə uyğun olaraq beynəlxalq maliyyə qurumları, xarici ölkələrin maliyyə təşkilatları və onların Azərbaycan Respublikasındakı nümayəndələri ilə əməkdaşlığa da xüsusi əhəmiyyət verir.

Prezident İlham Əliyevlə Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava və həmin bankın digər rəhbər nümayəndələri arasında bu il iyunun 1-də keçirilmiş videokonfransda müzakirə edilmiş kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi məsələlərinin məntiqi davamı kimi, eyni zamanda, “Aqrarkredit”in beynəlxalq təcrübəsinin davam etdirilməsi məqsədilə iyun ayının 24-də QSC-nin rəhbərliyi ilə Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbərliyi arasında videokonfrans keçirilib. Konfransda regionlarda mikro, kiçik, orta biznesin inkişafına daha yüksək səviyyədə kredit xidməti göstərmək üçün “Aqrarkredit”lə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın qurulması, gələcək perspektivdə bir sıra kənd təsərrüfatı layihələrinin birgə icrasına başlamaq əsas prioritet kimi vurğulanıb.

“Aqrarkredit”in kollektivi qarşısına qoyulmuş hədəfləri ölkənin bütün kənd və qəsəbələrinin hüquqi və fiziki şəxslərinin, borclular qruplarının, ailə kəndli təsərrüfatlarının kredit əlçatanlığına nail olmaqla strateji missiyasını həyata keçirmək məqsədilə bundan sonra da borc istəyənlərə nümunəvi kredit xidməti göstərmək olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.