REGİONLAR


Aqrokimya laboratoriyalarında 90 nümunə üzərində analiz aparılıb

Bakı, 20 avqust, AZƏRTAC

Quba, Bərdə, Tovuz, Lənkəran, Şamaxı və Göygöl aqrokimya laboratoriyaları tam gücü ilə fəaliyyətə başlayıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli qərarına əsasən, nazirliyin tərkibində 11 rayonda - Abşeron, Bərdə, Göygöl, Lənkəran, Quba, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və Ucarda regional aqrokimya laboratoriyaları yaradılıb. Kənd Təsərrüfatı Nazirliyinin 2016-cı il 13 avqust tarixli Kollegiya Qərarına əsasən, bu laboratoriyaların idarəçiliyi Dövlət Fitosanitar Xidmətinə tapşırılıb.

Regional aqrokimya laboratoriyaları, ilk növbədə, əkinəyararlı torpaqların aqrokimyəvi tədqiqatını aparır, tədqiqat apardığı sahələrə aqrokimyəvi pasportlar verir və kartoqramlar hazırlayır. Eyni zamanda, torpaq mülkiyyətçilərinin sifarişi əsasında torpağın morfoloji, fiziki-kimyəvi, mexaniki və bioloji xüsusiyyətlərindən asılı olaraq kənd təsərrüfatı bitkilərinin qida maddələri və rütubət ehtiyatı ilə təmin edilməsi müəyyənləşdirilir. Torpaqların münbitliyinin artırılması və çirklənmədən mühafizəsi ilə bağlı təkliflər və tövsiyələr hazırlayır. Həmçinin bitkiçilik məhsullarının (meyvə, tərəvəz, bostan, üzüm, dənli-paxlalı bitkilərin və yem bitkilərinin) tərkibində olan nitrit və nitratların miqdarını və pestisidlərin qalıq səviyyəsini kimyəvi analizlər vasitəsilə müəyyən edir.

Yeni tikilmiş binalarda fəaliyyət göstərən regional aqrokimya laboratoriyaları müasir cihaz və avadanlıqlarla təchiz olunub. Quba, Bərdə, Tovuz, Lənkəran, Şamaxı və Göygöl aqrokimya laboratoriyalarında cihaz və avadanlıqların quraşdırılması işləri tamamlanıb və laboratoriyalar tam gücü işə başlayıblar. Hazırda bu laboratoriyalarda torpaq analizləri aparılır.

Abşeron və Şəki regional aqrokimya laboratoriyalarının inzibati binalarının tikintisi davam edir. Ucar, Sabirabad və Salyan regional aqrokimya laboratoriyalarının tam gücü ilə fəaliyyətini təmin etmək məqsədi ilə yeni laboratoriya avadanlıqlarının alınması üçün sifarişlər verilib. İlin sonuna qədər adları qeyd edilən laboratoriyaların tam gücü ilə fəaliyyətə başlaması planlaşdırılır.

Qeyd edək ki, kənd təsərrüfatı nazirinin 2018-ci il 18 iyul tarixli əmri ilə cari il avqustun 1-dən etibarən regional aqrokimya laboratoriyaları ödənişli fəaliyyət növü əsasında öz xidmətlərini fermer və təsərrüfat sahiblərinə təklif etməyə başlayıblar. Avqustun 1-dən bu günə qədər ümumilikdə fermer və sahibkarlar tərəfindən laboratoriyalara 90 torpaq nümunəsi təqdim edilib və müvafiq analizlər aparılıb. Analizlərdən sonra əldə edilən nəticələr əsasında vətəndaşlar onlara məxsus olan torpaq sahələrinin son vəziyyəti barədə məlumat əldə edir və müvafiq tədbirlər görürlər. Lənkəran regional aqrokimya laboratoriyası isə avqust ayı ərzində Lerik rayonu ərazisində 200 hektar sahədə kartoqramlar hazırlayaraq sahibkarlara təhvil verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.