REGİONLAR
“Aqrolizinq” ASC tərəfindən aparılan əməliyyatların elektron bazası yaradılacaqdır
Bakı, 14 fevral (AZƏRTAC). Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Moldova Respublikasının “Sistem İT Solutions” şirkətinin nümayəndə heyəti ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir Azərbaycan Prezidentinin kənd təsərrüfatının elektron idarəedilməsinə xüsusi önəm verdiyini və bunun qarşıya mühüm vəzifə kimi qoyulduğunu nümayəndə heyətinin diqqətinə çatdırmışdır.
Görüşdə Moldova şirkəti tərəfindən hazırlanan “1C leasing” proqram təminatının təqdimatı keçirilmişdir. Proqramın əsas məqsədi “Aqrolizinq” ASC tərəfindən istehsalçılara verilən kənd təsərrüfatı texnikalarının qeydiyyata alınmasının, mərkəzləşdirilmiş uçot sisteminin və digər əməliyyatların elektron bazasının yaradılmasıdır.
Ümumilikdə “1C leasing” sistemi elektron idarəetmədə çevikliyi, operativliyi və şəffaflığı təmin edəcəkdir.
Nazir Heydər Əsədov sistemin tətbiqi ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıq və tövsiyələrini vermişdir.