MƏDƏNİYYƏT


Aqşin Babayev: Nazim Hikmət vəfat etdikdən  sonra dörd il elmi işimi müdafiə etmədim

Bakı, 11 oktyabr, Ceyhun Alışlı, Flora Şükürova, AZƏRTAC

Onun mənəvi, elmi və yaradıcılıq təcrübəsi gənc nəslin təlim-tərbiyəsi üçün xüsusi əhəmiyyətə malikdir. Yazıçı-publisist, şair, tərcüməçi, ictimai-xadim, pedaqoq, professor, Əməkdar Jurnalist və ikinci dərəcəli dövlət müşaviri Aqşin Babayev hazırda çalışdığı Mədəniyyət və İncəsənət Universitetində tələbələrinə təkcə müəllim münasibəti deyil, həm də bir baba qayğısı göstərir. Onun bir məqsədi var - gəncliyimizi savadlı, mübariz və vətənpərvər görmək. Aqşin müəllim ömrünün 81-ci baharına qədəm qoysa da, elmi axtarışları, yazıb-yaratmaq eşqi tükənməz olaraq qalır. Aqşin müəllimə doğma olan ali təhsil ocağında görüşüb, söhbət apardıq. AZƏRTAC müsahibəni təqdim edir:

- Aqşin müəllim, yazıçı-dramaturq, şair, tərcüməçi alim, pedaqoq və jurnalist kimi fəaliyyətiniz var. Keçdiyiniz həyat yolu haqqında qısaca nə deyə bilərsiniz?

-Əmək fəaliyyətimə jurnalist kimi başlamışam. Universitetin beşinci kursunda təhsil alan zaman “Avtomobil nəqliyyatçısı” qəzetində çalışırdım. Sonra 1959-cu ildən respublika radiosunun xarici verilişlər baş redaksiyasında fəaliyyətə başladım. Burada 1972-ci ilədək işlədim. Sonra Türkiyəyə getdim. Orada da tərcüməçi kimi fəaliyyət göstərdim. Ölkəyə qayıtdıqdan sonra AzTV-nin sədr müavini vəzifəsinə təyinat aldım. Bununla əlaqədar olaraq mən 1976-cı il iyul ayının 7-də ulu öndərimiz Heydər Əliyevin qəbulunda oldum. O vaxt xəyalıma da gətirə bilməzdim ki, gün gələcək, mən bu dahi şəxsiyyətin birbaşa tabeliyində çalışacağam. Bəli, 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək, yəni Ümummilli Liderimiz respublika prezidenti seçilən günədək onun mətbuat katibi oldum və həmin ayları, günləri həyatımın ən şərəfli və unudulmaz anları hesab edirəm.

Əmək fəaliyyətim dövründə 10 il ingilis, fransız, ispan və ərəb dillərində çap olunan “Moskou nyus” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri işləmişəm. 2006-cı ildə təqaüdə çıxdıqdan sonra Mədəniyyət və İncəsənət Universitetinə kafedra müdiri vəzifəsinə dəvət olundum, indi də bu vəzifədə çalışıram.

- Qeyd edilən peşələrin içində şairliyə çox erkən başlamısınız. Özünüzü nə vaxt şair kimi hiss etdiniz?

- Orta məktəbin yeddinci sinfində təhsil aldığım zaman “Bahar” adlı şeir yazdım. Çox sonralar şeirlər kitabım nəşr edildi. Bir dəfə nəvəmə şeir yazmışdım. Elə oldu ki, bu şeiri gənclik dostum Fikrət Qocaya oxudum. O, məndən bir neçə şeirimi istədi. Şeirlərimi Fikrət müəllimə göndərdim. “Ədəbiyyat” qəzetindən Ayaz Vəfalı mənə zəng edib dedi ki, Fikrət Qoca sənin 8 şerini seçib, gələn nömrə “Ədəbiyyat” qəzetində çıxacaq.

Ümumiyyətlə, deyim ki, indiyədək 40 kitabım çap edilib. Onlardan yalnız 2-si şeir kitabıdır. Yerdə qalan kitablar isə povestlər, hekayələr, elmi yaradıcılığım və digər bu səpkili kitablardır. Ədəbiyyata marağım, bəlkə də, atamın incəsənət və mədəniyyət sahəsinin adamı olmağından irəli gəlib. Atam, həm rəssam, həm rejissor, həm yaxşı tarzən idi. Onun gözəl səsi də vardı. Atam- Əlisəttar Babayev rejissor kimi Leyla Bədirbəyli, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Töhfə Əliyeva və Məmmədəli Əliyevi ilk dəfə səhnəyə çıxarıb. Bu barədə yazıçı Mustafa Çəmənli, kinoşünas Aydın Kazımzadə yazıb. Eyni zamanda, Şövkət Ələkbərovanın xatirələrində də bu barədə qeyd edilib. Gözümü açmışam bu sənətkarları evimizdə görmüşəm. O ki, qaldı şeir yazmağıma, mən özümü şair hesab eləmirəm. Şairliyi özüm üçün bir hobbi hesab etmişəm.

-Sizin çoxsaylı kitablarınız və elmi əsərləriniz xarici ölkələrdə nəşr edilib. Əsərlərinizin dünyada təbliğ olunması istiqamətində görülən işlərdən danışaq.

-Açığını deyim, bu yöndə heç bir təşəbbüsüm olmayıb. Əlbəttə, elmi əsərlərim və hekayələrim bir çox ölkələrdə çap edilib. Türkiyədə, Rusiyada, Amerikada və Avropanın bir sıra ölkələrində qeyd edilən istiqamətdə işlər görülüb. “Nazim Hikmətin yaşamı” adlı kitabım Almaniyada yaşayan Türkiyə əsilli yazıçı-jurnalist Yücel Feyzioğlu tərəfindən 1989-cu ildə işıq üzü görüb. Sonra İsveçrədə yaşayan qızımın təşəbbüsü ilə hekayələr kitabım alman dilinə tərcümə edilərək çap olunub. Hekayələrim, elmi məqalələrim müxtəlif ölkələrdə işıq üzü görüb.

-Türk dünyasının böyük şairi Nazim Hikmət yaradıcılığının tədqiqatçı kimi tanınırsınız. Tədqiqatlarınızın fövqündə böyük sevgi hiss olunur.

-Nazim Hikmət mənim idealımdır. Bütün ömrümü onun yaradıcılığına həsr etmişəm. Hələ orta məktəbdə oxuduğum zaman ilk dəfə müəllimimdən onun “Yanmamış cıqara” şeirini eşitmişdim. Həmin şeir məndə Nazim Hikmət yaradıcılığına maraq yaratdı. Şeirin poetik məzmununa, onun dərinliyinə heyran oldum. Sonralar öyrəndim ki, Bakıda onun ilk şeirlər kitabı çap edilib. Mən aspiranturada oxuyanda “Nazim Hikmətin dramaturgiyası” mövzusunu işlədim. Moskvaya getdim onunla görüşdüm, maraqlı söhbətlərimiz oldu. O, mənə söz verdi ki, müdafiəmdə şəxsən iştirak edəcək. 1963-cü il idi, dissertasiyamı bitirmək üzrə idim. Nazim Hikmət qəflətən vəfat etdi. Dörd il əlim işdən soyudu. Bir müddət sonra Moskvada yaşayan Nazimşünas Əkbər Babayevin və həyat yoldaşımın təkidi ilə 1967-ci ildə nəhayət elmi işimi müdafiə elədim.

-Bir çox əsərləriniz respublikanın əksər sənət ocaqlarında səhnələşdirilib. Hansı əsərinizin səhnə həyatı ürəyinizcə olub?

-Mənim səkkiz pyesim dövlət teatrlarında səhnəyə qoyulub. Hər bir əsərimin səhnə həyatı uğurlu olub. Bəxtim hər zaman rejissor cəhətdən gətirib. Nazim Hikmətə həsr etdiyim “Ceviz ağacı” pyesim rejissor Firudin Məhərrəmli tərəfindən İrəvan Azərbaycan Dövlət Dram Teatrında səhnəyə qoyulacaq. Ulu Öndərə həsr etdiyim “Xilaskar” pyesim Sumqayıt Dövlət Dram Teatrında və İrəvan Azərbaycan Dövlət Dram Teatrında səhnələşdirilib. İrəvan Teatrının quruluşunda bu əsər Dağıstanda, Gürcüstanda və Türkiyənin 7 şəhərində səhnəyə qoyulub və rəğbətlə qarşılanıb. Deyə bilərəm ki, “Xilaskar” pyesimin səhnə həyatı tam ürəyimcə olub.

-“Ceviz ağacı” nədən bəhs edir?

-Pyesdə Nazim Hikmətin bütün həyatını, taleyini verməyə çalışmışam. Daha çox isə onun nə üçün vətənindən ayrılıb Moskvaya gəlməsini açıqlamışam. Nazim Hikməti 48 yaşında əsgərliyə çağırdılar. Bu, onu öldürmək üçün bir bəhanə idi. Əgər o, Türkiyədə qalsaydı, Səbahəddin Əli kimi onu da öldürəcəkdilər. Bir sözlə, bu pyes Nazim Hikmətin həyat və mübarizəsini əks etdirir.

-80 yaşlı tədqiqatçı-alim Aqşin Babayevin ən böyük arzusu?

- Yaşamaq! Ömür çox qısadır. Keçmişə baxanda hər bir hadisə mənə dünən olubmuş kimi gəlir. Nazim Hikmət demişkən “Yaşamaq gözəl şeydir, qardaşım”.

Buruq saçlı bir oğlandım, dünəndi,

Birdən-birə saçıma qar ələndi.

Ömrüm-günüm ağ dumana bələndi,

Haradan gəldi, hara getdi bu illər!

-Sizə cansağlığı və yaradıcılığınızda uğurlar arzulayırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.