MƏDƏNİYYƏT


Aqşin Yeniseyin “Vətənpərvərlik və dünyəvilik mövzusunda sərbəst çıxış” adlı məruzəsi dinlənilib

Bakı, 7 oktyabr, AZƏRTAC

Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisinin Xurşidbanu Natəvan təqdimat zonasında yazıçı, şair, publisist, sərgidə fəxri yazar qismində iştirak edən Aqşin Yeniseyin “Vətənpərvərlik və dünyəvilik mövzusunda sərbəst çıxış” adlı məruzəsi dinlənilib.

AZƏRTAC xəbər verir ki, Aqşin Yenisey çıxışında ədəbiyyatın yaradıcılıq problemləri ilə bağlı bir sıra məqamlara toxunub. Tarixilik və bəşərilik məsələləri, dünya ədəbiyyatında bunun işlənmə rakursları, prioritet mövzular ətrafında fikir mübadiləsi edib. “Tarixə baxanda millilik və bəşərilik mövzusu müxtəlif dövrlərdə formasını dəyişə-dəyişə bu günümüzə qədər gəlib çatmışdır. Makedoniyalı İsgəndər dünyanı ellinizm mədəniyyəti ətrafında birləşdirmək istəyirdi və düşünürdü ki, bu mədəniyyəti dünyaya yaymaqla dünya insanının ətrafında daha xoşbəxt dünya qura bilər”, – deyən Aqşin Yenisey qloballaşma məsələsinə də münasibət bildirib. Qloballaşmanın dünyanı düşündürən ən aktual problem olaraq qaldığını nəzərə çatdıran yazıçı ona qarşı mübarizə yolları üzərində təkliflərini səsləndirib, xalqın milli simasının qorunmasında bəzi praktik işlər həyata keçirilməsinin labüdlüyünü nəzərə çatdırıb: “Dünyadakı bütün qloballaşma cəhdləri dünyanın daha çox millətlərə və dövlətlərə parçalanması ilə nəticələnir. Dünya heç vaxt bu gerçəklik ilə üz-üzə qalmır. Əksinə bu ideyalar, utopik cəhdlər gücləndikcə insanlar daha çox milli sərhədlərinə sığınmağa cəhd göstərirlər. Bu gün də eyni proses baş verir. Lakin indiki qloballaşma prosesinin əvvəlkindən bir fərqi var. Qloballaşmağa cəhd göstərən dünya gücləri sadəcə “qlobal bazar”ı yaratmaq istəyirlər”.

Daha sonra Aqşin Yenisey hər bir xalqın milli özünəməxsusluğunun qorunmasının vacibliyi məsələsinə toxunaraq bunları vurğulayıb: “Mən düşünürəm ki, biz bəşəri dəyərləri itirməmək şərti ilə öz milli kimliyimizi unutmamalıyıq. Çünki onun bizə yaşatdığı çox yüksək keyfiyyətlər var”.

Tədbirin sonunda oxucuların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.