DÜNYA


Ər-Riyad-Moskva-Vaşinqton üçbucağı: Yaxın günlərdə dünya bazarında neftin qiyməti sabitləşə bilər

Qahirə, 4 aprel, AZƏRTAC

İndi su neftdən daha bahalıdır. Bunu heç kim təsəvvür belə edə bilməzdi.

Bu sözləri “Bloomberg” agentliyinə müsahibəsində ABŞ Prezidenti Donald Tramp söyləyib. O əlavə edib ki, hazırda dünya bazarında xam neftin qiymətləri energetika sektoruna ciddi zərər verir və iqtisadi vəziyyəti daha da mürəkkəbləşdirir. Rusiya və Səudiyyə Ərəbistanının da xam neftin qiymətlərinin kəskin düşməsindən ağır zərbə aldıqlarını diqqətə çatdıran ABŞ Prezidenti qeyd edib ki, “son nəticədə bazar özü onları razılığa gəlməyə məcbur edəcək”.

Ağ Ev rəhbərinin sözlərinə görə, Ər-Riyad və Moskva öz aralarındakı problemi həll etmək istəyirlər. “Onlar mənə deyiblər ki, bu məsələni həll etmək niyyətindədirlər”, -deyə D.Tramp vurğulayıb. Digər tərəfdən, “Reuters” agentliyinin yaydığı məlumata görə, ABŞ-ın energetika şirkətləri hökumətdən xam neftin idxalına rüsumlar tətbiq olunmasını xahiş ediblər. Lakin D.Tramp bildirib ki, onun administrasiyası hələlik bu barədə düşünmür.

Qeyd edək ki, ABŞ Energetika Nazirliyinin məlumatına görə, ötən il Birləşmiş Ştatların Rusiyadan idxal etdiyi xam neftin həcmi Səudiyyə Ərəbistanından aldığından (gündəlik 468 min barel) daha çox olub. Nazirlik ümidvar olduğunu bildirib ki, Moskva və Ər-Riyad tezliklə neftin qiymətinin sabitləşməsinə dair razılıq əldə edəcəklər.

AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının Enerji naziri Əbdüləziz bin Salman isə aprelin 3-də verdiyi bəyanatda rusiyalı həmkarının Ər-Riyadın hasilatın azaldılmasını istəmədiyi, bunun da neft bazarına mənfi təsir göstərdiyi barədə fikirlərini təkzib edib. O qeyd edib ki, Krallığın bu məsələdə siyasəti dünya neft bazarında tarazlığın yaradılmasına yönəldilib. Nazir əlavə edib ki, 22 ölkə neftə tələbatın azaldığı bir şəraitdə hasilatın azaldılması təklifini bəyəndiyi halda, Rusiya nümayəndə heyəti bununla razılaşmayıb. “Krallıq neft bazarında mövcud problemin həllini tapmaq istəyən hər bir ölkənin səylərini dəstəkləyir və bu məqsədlə OPEC+ ölkələrini təcili toplanmağa çağırır”, -deyə Əbdüləziz bin Salman vurğulayıb.

Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Faysal bin Fərhan da bəyanatında bildirib ki, Rusiya tərəfi OPEC+ alyansı üzvlərinin qarşıdakı görüşündə neft hasilatının azaldılması məsələsində doğru qərar qəbul edəcək.

“The Wall Sreet Journal” nəşrinin etibarlı mənbələrə istinadla yaydığı xəbərə görə, OPEC+ alyansının qarşıdakı görüşündə razılıq əldə olunacağı təqdirdə Rusiya hasilatı gündəlik 1,5 milyon barel azalda bilər. Qeyd olunur ki, videokonfrans formatında keçiriləcək iclasda Səudiyyə Ərəbistanının xam neft hasilatını gündəlik 3 milyon barrel, ABŞ da daxil olmaqla digər ixracatçı ölkələrin isə 5,5 milyon barel azaldacağı gözlənilir. Qəzet yazır ki, fikir ayrılığının əsas səbəbi Moskvanın bu qərarın 2020-ci ilin birinci rübü, Ər-Riyadın isə ilin sonunadək qüvvədə olması olub. Dünya neft bazarında hazırkı ağır vəziyyət tərəfləri konsensusa getməyə məcbur edəcək.

Yeri gəlmişkən, OPEC+ alyansının aprelin 6-da keçirilməsi nəzərdə tutulan görüşü həmin ayın 9-na keçirilə bilər. Bu barədə Rusiyanın TASS informasiya agentliyi məlumat yayıb. Qeyd olunub ki, bununla bağlı müzakirələr aparılır və əsas məqsəd məsləhətləşmələrə daha çox ölkənin cəlb edilməsidir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.