SİYASƏT
“Ər-Riyad” qəzetində “Heydər Əliyev və İslam dünyası” sərlövhəli məqalə dərc olunub
Ər-Riyad, 10 may, АZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu “Ər-Riyad” qəzetində səfir Rasim Rzayevin “Heydər Əliyev və İslam dünyası” sərlövhəli geniş məqaləsi dərc olunub.
Məqalədə Azərbaycanın İslam dünyası ilə bütün sahələrdə əlaqələrinin genişləndirilməsi, xalqlar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi, həmçinin münasibətlərin dərinləşdirilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri barədə məlumatlar əks olunub.
Yazıda, həmçinin Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında mövcud yüksək səviyyəli əlaqələr, bu əlaqələrin qurulmasında Heydər Əliyevin əvəzsiz rolu, imzalanmış sazişlər, eləcə də 1994-cü il iyulun 9-13-də Ulu Öndərimizin Krallığa səfəri zamanı mərhum Kral Fəhd bin Əbdüləziz Al-Saud ilə görüşü, iki ölkə arasında Əməkdaşlığa dair Baş Sazişin imzalanması, xalqımızın böyük oğlunun müqəddəs Kəbəni ziyarət etməsi, eyni zamanda, 1997-ci il dekabrın 11-də Tehranda keçirilmiş İslam Konfransı Təşkilatının Zirvə görüşü çərçivəsində hazırkı Kral Abdulla bin Əbdüləziz Al-Saudla görüşünə dair mühüm məqamlardan bəhs olunur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad