SİYASƏT
“Arabnews”: Prezident İlham Əliyev Qoşulmama Hərəkatı adından COVID-19 pandemiyasına qarşı səyləri gücləndirməyə çağırıb
Qahirə, 5 dekabr, AZƏRTAC
Nüfuzlu “Arabnews” qəzetində dərc edilmiş “BMT-nin sessiyasında COVID-19 vaksininin hamı üçün əlçatan olmasının zəruriliyi qeyd olunub” sərlövhəli məqalədə Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyevin çıxışındakı məqamlar vurğulanıb.
AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi beynəlxalq ekspert Efrem Kossaifdir. Yazıda qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Xüsusi Sessiyada Qoşulmama Hərəkatına üzv olan 120 ölkə adından çıxış edib. Azərbaycan Prezidenti bəyan edib ki, biz pandemiyaya qarşı qlobal mübarizədə BMT-nin fəaliyyətinə rəhbərlik edən, onun əməliyyatlarının davamlılığını təmin edən Baş katibin güclü liderliyini təqdir edirik. Hərəkat COVID-19 pandemiyası ilə bağlı artmaqda olan çağırışlarla mübarizədə beynəlxalq ictimaiyyət tərəfindən təsirli tədbirlərin görülməsi üçün təlimatların verilməsi, təlimlərin və avadanlıq, konkret xilasetmə xidmətlərinin təşkili sahəsində Ümumdünya Səhiyyə Təşkilatının və onun rəhbərliyinin mühüm rolunu tam şəkildə dəstəkləyir.
Məqalədə dövlətimizin başçısının aşağıdakı sözləri sitat gətirilib: “COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini gözləyir və ümid edirik ki, təhlükəsiz və təsirli vaksin tezliklə hazır olacaq və onun hamı üçün münasib qiymətə paylanılması təmin ediləcəkdir. Biz bu prosesdə ÜST-nin əlaqələndirmə səylərini yüksək qiymətləndirir və vaksin hazır olduğu zaman təşkilatın insanların belə bir vaksinə bərabər çıxışının təmin edilməsində rolunun vacibliyini vurğulayırıq”.
Məqalədə, həmçinin BMT-nin Baş katibi Antonio Quterreşin, Baş Assambleyanın Sədri Volkan Bozkırın və BMT İnkişaf Proqramının rəhbəri Açim Steynerin COVID-19 pandemiyası ilə mübarizə, vaksinin cəmiyyətin bütün təbəqələri və yoxsul ölkələr üçün əlçatan olması barədə fikirləri yer alıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə