SİYASƏT


“Arabnews” qəzeti: Azərbaycan Qarabağ müharibəsinin qalibidir

Qahirə, 20 noyabr, AZƏRTAC

Nüfuzlu “Arabnews” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Azərbaycan Qarabağ müharibəsinin qalibidir” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin böyük sərkərdəlik məharəti sayəsində Azərbaycan Ordusunun 44 günlük döyüşlərdən sonra Ermənistan silahlı qüvvələrini darmadağın etdiyi, tarixi Qələbə qazanaraq torpaqları işğaldan azad etdiyi qeyd olunur. Müəllif əlavə edir ki, döyüş meydanında məğlub olan düşmən yaşayış məntəqələrinə ağır artilleriya və raketlərlə hücum edib.

Məqalədə bildirilir ki, ordusu tamamilə darmadağın edilmiş və mənəvi cəhətdən sarsıntı keçirən Ermənistanın baş naziri noyabrın 10-da kapitulyasiya haqqında bəyanatı imzalayıb. Razılaşmanın şərtlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərini tərk edən ermənilər mülki obyektləri, infrastrukturu dağıdıb, meşələri və yaşayış evlərini yandırıblar.

Azərbaycanın 29 ilə yaxın müddətdə Qarabağ problemini danışıqlar yolu ilə həll etməyə çalışdığını diqqətə çatdıran müəllif qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması tələbinə etinasız yanaşan rəsmi İrəvan, eyni zamanda, bu illər ərzində münaqişənin dondurulması və status-kvonun qorunub saxlanılmasına can atıb. Bununla yanaşı, işğalçı ölkə Azərbaycana qarşı hərbi təxribatları da davam etdirib. Sentyabrın 27-də ermənilərin törətdikləri son hərbi təxribatdan sonra əks-həmlə əməliyyatı keçirən Azərbaycan Ordusu 5 böyük şəhəri və 300-dən çox kəndi işğaldan azad edib.

Məqalədə Ermənistan silahlı qüvvələrinin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Mingəçevir su anbarını da raketlərlə atəşə tutduğu, dinc sakinləri qətlə yetirdiyi, Azərbaycan Ordusunun isə bu vəhşiliklərə döyüş meydanında layiqli cavab verdiyi vurğulanıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.