REGİONLAR


Aran iqtisadi rayonundakı 41 sahibkara 767 min manat güzəştli kredit verilib

Bakı, 20 sentyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sentyabrın 20-də İmişli rayonunda keçirdiyi işgüzar forumda Aran iqtisadi rayonunda fəaliyyət göstərən 41 sahibkara 767 min manat güzəştli kredit verilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kreditlər əsasən, heyvandarlıq, əkinçilik və sair sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 50-dən çox iş yerinin açılması mümkün olacaq.

Sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarların maarifləndirilməsi, yeni dəstək mexanizmlərinin hazırlanması və tətbiqi, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətlərində fəaliyyətini davam etdirir.

Forum çərçivəsində Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin verilməsi mexanizmi barədə treninq keçirilib, İmişli rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan pambıq və süd emalı, çörək istehsalı müəssisələrinin, taxılçılıq, bağçılıq, tərəvəzçilik təsərrüfatlarının, müasir heyvandarlıq, taxıl anbarı komplekslərinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkədə sahibkarlığın inkişafı və özəl bölmənin iqtisadiyyatda rolunun daha da artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sahəsində gördüyü işlər barədə danışan S.Məmmədov bu ilin ötən dövründə sahibkarların ümumi dəyəri 436 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 108 milyon manatadək güzəştli kredit verildiyini, bu investisiya layihələrinin reallaşdırılmasının 3600-dən çox yeni iş yerinin yaradılmasına imkan yaratdığını bildirib.

Qeyd edilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 14 min 100-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 589,9 milyon manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində İmişlidə güzəştli kredit ayrılmış iri fermer təsərrüfatına baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.