REGİONLAR
Aran iqtisadi rayonundakı sahibkarlara 1,2 milyon manatdan çox güzəştli kredit verilib
Bakı, 16 may, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun mayın 16-da Ağcabədi rayonunda keçirdiyi işgüzar forumda Aran iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara 1,2 milyon manatdan çox güzəştli kredit verilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kreditlər heyvandarlıq, əkinçilik, bağçılıq və sair sahələrin inkişafına yönəldiləcək.
Forumda Ağcabədinin iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan bitkiçilik, tərəvəzçilik, cins heyvandarlıq, intensiv bağçılıq təsərrüfatlarının və quru meyvə istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. Qeyd edilib ki, bu ilin ötən dövründə 378 sahibkarın ümumi dəyəri 158 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 38,7 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1400-dən çox iş yerinin yaradılmasına imkan verir.
Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 14 minədək investisiya layihəsinin maliyyələşdirilməsinə 581 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində Ağcabədidə güzəştli kredit ayrılmış iri fermer təsərrüfatına baxış keçirilib.