REGİONLAR
“Araz Naxçıvan”ın qapıçı məşqçisi UEFA-nın “B” kateqoriyalı məşqçi lisenziyası üçün təhsilini davam etdirir
Naxçıvan, 15 aprel, AZƏRTAC
“Araz Naxçıvan” klubunun qapıçı məşqçisi Amil Ağacanov Avropa Futbol Birliyi İttifaqının (UEFA) “B” kateqoriyalı məşqçi lisenziyası üçün təhsilini davam etdirir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Amil Ağacanov ötən ay Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən qapıçılar üzrə məşqçilər üçün keçirilən kursun 1-ci modulunda iştirak edib. Naxçıvan Futbol Federasiyasının qapıçılarla iş üzrə koordinatoru, eyni zamanda, “Araz Naxçıvan”ın qapıçı məşqçisi kursdakı təhsilini hazırda distant şəkildə davam etdirir. Amil proqrama uyğun olaraq bu dəfə ev tapşırığını yerinə yetirib. AFFA məşqçilərin maarifləndirilməsi departamentinin qapıçılar üzrə təlimatçısı Üzeyir İbrahimov tapşırığın praktiki icrasını izləyərək müvafiq qeydlərini aparıb.
Üzeyir İbrahimov bildirib ki, UEFA-nın məsləhətləşmələrinə uyğun olaraq məşqçi ilə maarifləndirici söhbətlər aparılıb. Məşqçilik kursu 4 moduldan ibarətdir. Əlavə olaraq qapıçı məşqçilərə müvafiq ev tapşırıqları verilir, praktik və nəzəri məşğələlər təşkil olunur. Son modulda imtahan götürüləcək. İmtahanı uğurla başa vuran məşqçilərə UEFA-nın qapıçılar üzrə “B” kateqoriyalı məşqçi lisenziyası veriləcək.
Qeyd edək ki, Amil Ağacanov yanvar ayında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının dəstəyi ilə Türkiyədə yerli komandaların təlim-məşq toplanışlarına da qatılıb. On günlük toplanışda qapıçı məşqçi “Bandırmaspor”, “Bursaspor” və “İstanbulspor”un məşqlərində iştirak edib.