CƏMİYYƏT
Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 23 santimetr artıb
Bakı, 20 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-120, Kiçik Qafqazın çaylarında 100-120, Lənkəran-Astara bölgəsi çaylarında 40-70 , Naxçıvan Muxtar Respublikası çaylarında isə 180 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, oktyabrın 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 215 kubmetr olmaqla ongünlük normanın 127 faizini təşkil edir. Ötən il isə bu rəqəm saniyədə 225 kubmetr təşkil etməklə ongünlük normanın 133 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 80 kubmetr olmaqla ongünlük normanın 75 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 193 kubmetr təşkil edərək ongünlük normanın 180 faizinə bərabər olub.
Oktyabrın 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 6, Araz çayının Novruzlu məntəqəsində 23 santimetr artım, Surrada 6, Bankədə 8 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 366 (2016-cı il oktyabrın 20-də 569 sm), Şirvanda 251, Salyanda 230 (2016-cı il oktyabrın 20-də 371 sm), Bankədə 197 (2016-cı il oktyabrın 20-də 273 sm), Araz çayının Novruzlu məntəqəsində isə 98 santimetr (2016-cı il oktyabrın 20-də 277 sm) təşkil edir.