CƏMİYYƏT
Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 24 santimetr artıb
Bakı, 23 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-160, Kiçik Qafqazın çaylarında 170-200, Lənkəran-Astara bölgəsi çaylarında 100-120, Naxçıvan Muxtar Respublikası çaylarında isə 150 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, fevralın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 190 kubmetr olmaqla ongünlük normanın 98 faizini təşkil edir. Ötən il isə bu rəqəm saniyədə 108 kubmetr olmaqla ongünlük normanın 56 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 64 kubmetr olmaqla ongünlük normanın 84 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici saniyədə 67 kubmetr təşkil edərək ongünlük normanın 88 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 14, Salyanda 16, Bankədə 17, Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində 24 santimetr artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 409 (2017-ci il fevralın 23-də 466 sm), Şirvanda 293 (2017-ci il fevralın 23-də 365 sm), Salyanda 241 (2017-ci il fevralın 23-də 325 sm), Bankədə 213 (2017-ci il fevralın 23-də 240 sm), Araz çayının Novruzlu məntəqəsində isə 140 santimetr (2017-ci il fevralın 23-də 188 sm) təşkil edir.