CƏMİYYƏT
Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 40 santimetr azalıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-170, Kiçik Qafqazın çaylarında 100-220, Lənkəran-Astara bölgəsi çaylarında 60-110 , Naxçıvan Muxtar Respublikası çaylarında isə 190 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, oktyabrın 9-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 123 kubmetr olmaqla ongünlük normanın 76 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 135 kubmetr təşkil etməklə ongünlük normanın 83 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 58 kubmetr olmaqla ongünlük normanın 61 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 51 kubmetr təşkil edərək ongünlük normanın 53 faizinə bərabər olub.
Oktyabrın 9-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 26, Şirvanda 14, Salyanda 10, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində 40 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 406 (2016-cı il oktyabrın 9-da 411 sm), Şirvanda 329, Salyanda 264 (2016-cı il oktyabrın 9-da 265 sm), Bankədə 214 (2016-cı il oktyabrın 9-da 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 130 santimetr (2016-cı il oktyabrın 9-da 138 sm) təşkil edir.