İDMAN


“Araz” futzal klubu Yüksək Liqanın turnir cədvəlində liderliyini davam etdirir

Bakı, 11 mart, AZƏRTAC

Futzal üzrə Yüksək Liqada XXI turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, tura ilk “3-lüy”ü qapayan “Neftçi” ilə “Yasamal” MFK-nın dueli ilə start verilib. “Neftçi”nin ardıcıl hücumları hesabda da əksini tapıb. Nominal meydan sahibləri böyük hesablı qələbə qazanıblar – 15:0.

Turun mərkəzi oyununda lider ən yaxın izləyicisi ilə qarşılaşıb. Cari mövsümdə “Araz”ın EKOL-u yenə bilməməsi isə oyuna əlavə maraq qatıb. Fəal başlayan “Araz” start fitindən cəmi 30 saniyə sonra hesabı açıb. İsa Atayev rəqib torunu silkələyib. Mohammadtaha Neyməti isə 6-cı dəqiqədə 7 saniyə ərzində iki qol vurmaqla fərqi artırıb. Düzdü, Fərid Atakişiyev sonra “Araz”ın qapısına yol tapıb, amma lider fasiləyə qədər 2 topluq fərqi əldən verməyib. İkinci hissənin əvvəlində Fərid Ələkbərov fərqi minimuma endirib. EKOL sonra yenə qol vurub, lakin Zaur Fərziyev bu dəfə avtoqol müəllifi olub. Yeri gəlmişkən, oyunun gedişində “Araz” bir, EKOL isə iki üzvünü paltardəyişmə otağına erkən göndərmək məcburiyyətində qalıb. Beləliklə, görüş “Araz”ın 7:3 hesablı qələbəsi ilə başa çatıb.

Turun və III dövrənin son oyununda “Liman” və “Xəzər Cənub” komandaları üz-üzə gəlib. Oyun “Xəzər Cənub”un futzalçısı Hadi Rezvanın 21 qol vurması və bombardirlik yarışında yenidən birinci sıraya yüksəlməsi ilə yadda qalıb. Matç 34:3 hesabı ilə “Xəzər Cənub”un xeyrinə başa çatıb.

Hesabında 43 xal olan “Araz” komandası turnir cədvəlinə başçılıq edir. EKOL 39 xalla ikinci, “Neftçi” isə 37 xalla üçüncü pillədə qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.