REGİONLAR


Ərazisinə və heyvan növlərinin çoxluğuna görə Qafqazda yeganə olan Şamaxı Safari Parkından reportaj VİDEO

Şamaxı, 29 aprel, Rəşad Türkoğlu, AZƏRTAC

Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri də safari turizmidir. Turizmin bu növü zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. Ölkəmizin müxtəlif guşələrində xüsusi mühafizə olunan təbiət əraziləri - milli parklar, qoruqlar xarici turistlərin belə turlara cəlb edilməsində mühüm rol oynaya bilər. Budəfəki reportajımız ərazisinin böyüklüyünə, eləcə də heyvanlarının sayının və növünün çoxluğuna görə nəinki Azərbaycanda, ümumiyyətlə Qafqazda yeganə olan Şamaxı Safari Parkındandır.

AZƏRTAC xəbər verir ki, Pirqulu adlanan dağ-meşə massivindəki Safari parkında təbiətin minbir gözəlliyini görmək üçün Şamaxı-Dəmirçi-Lahıc yolu vasitəsilə bir xeyli yol qət etmək lazımdır.

Parkın ümumi ərazisi 1200 hektardır. Bunun 830 hektar sahəsi beynəlxalq standartlara uyğun çəpərlənib. Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstandan nəcib maral, xallı maral, Altay maralı, muflon, yəni dağ qoyunu, alkapa və lama kimi heyvanların gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilib. Hazırda bu heyvanların sayı iki dəfəyə yaxın artıb.

Safari parkın nümayəndəsi Şamxal Həsənovun sözlərinə görə, heyvanlar parka gətiriləndən sonra üç ay karantin şəraitində saxlanılır. Sonra adaptasiya dövrü başlayır və bu proses bir il çəkir. “2016-cı ildə biz xarici ölkələrdən bura 436 baş heyvan gətirmişik. İndi bu heyvanların sayı 1000-dən çoxdur. Hədəfimiz heyvanların sayını daha çox artırıb təbiətə buraxmaqdır”.

Parkın daxili infrastrukturunun yaradılması istiqamətində ilkin mərhələdə enli yol çəkilib. Bundan başqa, heyvanlar üçün xeyli sayda təbii daldalanacaq düzəldilərək, bölmələr yaradılıb. Heyvanları kənar təsirlərdən və yoluxucu xəstəliklərdən qorumaq üçün beynəlxalq standartlara uyğun dəmir-beton dayaqlarla hörülmüş çəpər də çəkilib.

Hazırda heyvanlar parkda yarımsərbəst halda yaşadıqlarına görə səhər və axşam iki dəfə yemlənir. Amma təbiətə sərbəst buraxılandan sonra ərazi böyük olduğuna görə onları yemləməyə ehtiyac qalmayacaq.

Ötən il ilk dəfə olaraq Avropa ölkələrindən parka 23 baş alkapa və lama növləri gətirilib. Bu heyvanlar park ərazisində adaptasiya dövrünü keçdikdən sonra digər ərazilərə köçürüləcək.

Şamxal Həsənov bildirib ki, Azərbaycan təbiətində görməyə alışmadığımız alkapa və lamaları Safari parkına gətirməkdə məqsəd nəsli kəsilməkdə olan heyvanların sayını artırmaqdır.

Hazırda park ərazisi turistlər üçün bağlı olsa da, gələcəkdə istənilən şəxs bu əraziyə gəlməklə heyvanları yaxından görə biləcək.

Safari parkı Vəhşi dırnaqlılar və maral fermerlərinin Beynəlxalq Assosiasiyasına - IDUBA-ya da üzv olub. Bununla da assosiasiyanın Cənubi Qafqazda təmsilçilik hüququnu əldə edib. IDUBA-nın görüşlərində assosiasiya üzvləri yığıncaqlar təşkil edir, heyvan yetişdirilməsi, ovun təşkili, yem və yem əlavələrinin istehsalı ilə bağlı fikirlərini bölüşürlər.

“Qafqazı IDUBA-da Şamaxı Safari park təmsil edir. Hər il konfranslar keçirilir. Konfranslar çərçivəsində yarışlar da olur. 2019-cu ildə bizim marallarımızdan biri 3-cü yeri, 2020-ci ildə isə “Xan” adlı maralamız 1-ci yeri tutub. Erkək fərdlər yarışır və buynuzun şaxələrinə, böyüklüyünə görə marala qiymət verilir”, - deyə Şamxal Hüseynov əlavə edib.

Qeyd edək ki, bu gün safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək, fotosafarilərə istiqamətləniblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.