İQTİSADİYYAT
Ərdəbil valisi: Azərbaycan nəqliyyat sahəsində lazımi tədbirləri artıq həyata keçirib və iki ölkənin dəmir yolları birləşib
Tehran, 16 iyul, AZƏRTAC
İranın Ərdəbil vilayəti Azərbaycan Respublikası ilə 369 kilometr sərhədə malikdir və bu fakt iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə imkan yaradıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ərdəbil vilayətinin valisi Əkbər Bəhnamcu deyib. O bildirib ki, Ərdəbil-Astara dəmir yolunun çəkilişi İranla Azərbaycan arasındakı iqtisadi münasibətlərin daha da inkişafına səbəb olacaq.
O diqqətə çatdırıb ki, İranla Azərbaycanın Ərdəbildə birgə sənaye şəhərciyinin yaratması barədə razılıq əldə olunub. Bunun üçün torpaq sahəsi ayrılıb və müvafiq işlər həyata keçirilib. Dəmir yolunun sənaye şəhərciyinin yaxınlığından çəkilməsi ixrac və idxal imkanlarını daha da artıracaq. Azərbaycan hökuməti nəqliyyat sahəsində lazımi tədbirləri artıq həyata keçirib və iki ölkənin dəmir yolları birləşib.
Qeyd edək ki, İranın Dövlət Dəmir Yolları İdarəsi ilə Yollar və Şəhərsalma Nazirliyi “Şimal-Cənub” Nəqliyyat Dəhlizi çərçivəsində Ərdəbildən Astaraya dəmir yolu xətti çəkməyi planlaşdırıb. Bunun üçün artıq bir sıra tədbirlər həyata keçirilib.
Onu da nəzərə çatdırmaq lazımdır ki, Ərdəbil İranın iqtisadi cəhətdən inkişaf etmiş vilayətlərindən biridir. Burada kənd təsərrüfatı və sənaye xüsusi ilə inkişaf edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran