SİYASƏT


Ərdoğan: D-8-ə sədrliyin Türkiyəyə keçməsi təşkilatın fəaliyyətini canlandırmaq üçün yeni imkanlar yaradacaq

İstanbul, 20 oktyabr, АZƏRTAC

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də İstanbulda “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında təşkil olunan inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) IX Zirvə görüşü ilə bağlı mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, D-8 təşkilatının yaranması və ötən dövrkü fəaliyyətinə toxunan Prezident Rəcəb Tayyib Ərdoğan təşkilatın işini səmərəli vəziyyətə gətirmək üçün fikir və mülahizələrini bölüşüb. Təşkilata üzv olan tərəflərin, ümumiyyətlə, müsəlman ölkələrinin zəngin təbii qaynaqlara sahib olduqlarını diqqətə çatdıran Türkiyə Prezidenti bildirib ki, D-8 ölkələri arasında ticarət dövriyyəsini genişləndirmək üçün əməliyyatlar qarşılıqlı olaraq milli valyutalarla həyata keçirilməli, mərkəzi dövlət bankları arasında ortaq fəaliyyət proqramı qurulmalıdır.

Prezident üzv ölkələr arasında ticarət, sənaye, nəqliyyat, informasiya, maliyyə, qlobal iqtisadiyyatda əməkdaşlıq, bank işi, texnologiyalar, yoxsulluqla mübarizə, insan resursları, kənd təsərrüfatı, enerji və digər sahələrdə əməkdaşlığa dair geniş imkanlar olduğunu qeyd edib, həmçinin BMT və Avropa İttifaqı kimi təşkilatlarda struktur islahatlarının aparılmasının, həmçinin terrorçuluqla birgə mübarizənin vacibliyindən danışıb.

Jurnalistlərin suallarını cavablandıran R.T.Ərdoğan Azərbaycan və Türkiyənin həyata keçirdiyi beynəlxalq iqtisadi layihələrin əhəmiyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, bir vaxtlar bəzilərinin gerçəkləşəcəyinə şübhə ilə yanaşdıqları Bakı-Tbilisi-Qars dəmir yolu xətti artıq istifadəyə hazırdır və yaxın günlərdə Azərbaycanda keçiriləcək açılış mərasimində iştirak edəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.