SİYASƏT
Ərəb Dövlətləri Liqası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir
Bakı, 20 dekabr (AZƏRTAC). Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dekabrın 20-də nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Ərəb Dövlətləri Liqasının Avropa Departamentinin müdiri, səfir Faris Əbdülkərim Müsəllimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Azərbaycanın ərəb ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayan E.Məmmədyarov, bir sıra sahələrdə, xüsusilə iqtisadi sahədə münasibətlərin sürətlə inkişafını yüksək qiymətləndirmişdir.
F.Ə.Müsəllim ölkəmiz ilə ərəb aləmini müştərək tarixi, mədəni və dini köklərin bağladığını demişdir.
Qonaq Ərəb Dövlətləri Liqasının baş katibi Amr Musanın və ümumilikdə təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini vurğulamışdır.
Görüşdə bir sıra regional məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
######