Ərəb KİV-lərində ermənilərin dini məbədləri məhv etməsi barədə məqalə dərc olunub
AzerTAg.az

Qahirə, 29 noyabr, AZƏRTAC
Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərində dini məbədləri məhv edib. Bəşər irsinə qarşı barbarlıq aktları həyata keçirən ermənilər təkcə məscidləri deyil, həm də kilsələri də dağıdıblar.
AZƏRTAC xəbər verir ki, bu sətirlər “Səma Atlantis”, “Əl Hərir”, “Yeni dünya” portallarında yayımlanan iordaniyalı akademik Mərvan Musa Sudanın məqaləsində yer alıb. Müəllif diqqətə çatdırıb ki, Ermənistan Qarabağda rəsmi fəaliyyət göstərmiş 67 məscidin 64-nü tamamilə, 3-nü isə qismən dağıdıb. Halbuki, Bakının mərkəzində yerləşən erməni kilsəsi heç bir zərər görməyib və bu, azərbaycanlıların bəşər sivilizasiyasına ehtiramının göstəricisidir. Bundan başqa, ermənilər müqəddəs ibadət məkanlarında donuz saxlamaqla bütün müsəlmanların inanclarını təhqir ediblər. Dini siyasətə və etnik təmizləmə siyasətinə alət edən işğalçılar özlərinin məxsus olduqları xristian dininə də analoji münasibət göstəriblər. Belə ki, onlar Xocavənd rayonunda XIX əsrə aid olan rus pravoslav kilsəsini viran qoyub, onun divarlarına təhqiredici sözlər yazıblar. İndi Azərbaycan dövlətinin dəstəyi ilə rus pravoslav icmasının üzvləri bu kilsəni ziyarət edirlər.
Məqalədə qeyd olunub ki, ermənilər Qafqaz Albaniyası dövrünə aid olan qədim kilsələrin də quruluşunu dəyişdirib, onları öz qədim abidələri kimi qələmə veriblər. Xocavəndin Dağyurd kəndindəki alban monastırı, Ağdərədəki Xotavəng monastırı və digər tarixi dini abidələr bu qəbildəndir.
ICESCO-nun Baş direktoru Salim Əl-Malikin Qarabağa səfəri zamanı İslam və xristian abidələrinin dağıdılmasının canlı şahidi olduğunu vurğulayan müəllif yazıb ki, erməni vandalizmi ilə bağlı sənədlər və fotoşəkillər bütün dünyaya yayılır. O əlavə edib ki, Azərbaycan dövləti ermənilərin dağıtdıqları məscid və kilsələri bərpa edir, yeni ibadət ocaqları tikir.
Sonda qeyd olunub ki, Ermənistanın din xadimləri kin və nifrət çağırışlarına son qoymalı, regionda dayanıqlı sülhün bərqərar olması üçün qonşularına, onların dini etiqadlarına hörmətlə yanaşmalıdırlar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Xəbərin mətnində orfoqrafik səhv var