DÜNYA


Ərəb Liqasının sammitində qlobal və regional sülh əsas müzakirə mövzusu olub

Ərəb Liqasının sammitində qlobal və regional sülh əsas müzakirə mövzusu olub

Bakı, 20 may, AZƏRTAC

Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən Ərəb Liqasının 32-ci sammiti başa çatıb. Yaxın Şərq və Körfəz ölkələrinin liderləri, o cümlədən 12 illik fasilədən sonra sammitdə iştirak edən Suriya Prezidenti Bəşər Əsəd və sürpriz şəkildə Ciddəyə səfər edən Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə aparılan müzakirələrdə Şərq və Qərb arasında münasibətlərin yaxşılaşdırılıması, regionda davamlı sülhün bərqərar olması məsələlərinə xüsusi diqqət yetirilib.

AZƏRTAC “Saudi Press” agentliyinə istinadla xəbər verir ki, sammitin sonunda yekun nitqi ilə çıxış edən Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman qlobal və regional sülhün təmin edilməsi məsələlərindən danışıb. O bildirib ki, ərəb dövlətləri regionda müharibələrin qarşısını almaq üçün birlikdə hərəkət etməlidir. Silahlı münaqişələrin qlobal və regional inkişafa əngəl törətdiyini qeyd edən vəliəhd vurğulayıb ki, indi Şərq və Qərb arasında konstruktiv dialoq həmişəkindən daha aktualdır. “Artıq kifayətdir, biz keçmişin səhifələrini çevirməliyik, regionda qanlı-qadalı hadisələrin baş verməməsi üçün səyləri birləşdirməli, insanları müharibələrin səbəb olduğu fəlakətlərdən xilas etməliyik. Suriyanın Ərəb Liqasına qayıtması ilə bu ölkədə münaqişənin həllinə də yaxşı imkanlar yaranır. Səudiyyə Ərəbistanı, eyni zamanda, Sudan, Yəmən, Fələstin, Liviya və Livanda da vəziyyətin sabitləşməsi istiqamətində səylərini davam etdirir”, -deyə Məhəmməd bin Salman vurğulayıb.

Səudiyyə Ərəbistanının vəliəhdi bəyan edib ki, Krallıq müharibəyə son qoymaq üçün Rusiya və Ukrayna arasında vasitəçilik missiyasının yerinə yetirməyə hazırdır. O əlavə edib ki, beynəlxalq ictimaiyyət Ukraynada humanitar vəziyyətin daha da pisləşməsinin qarşısını almalıdır.

Sammitdə çıxış edən İordaniya Kralı II Abdullah Birgə Ərəb Fəaliyyəti sisteminin yaradılması təşəbbüsünü irəli sürüb. O qeyd edib ki, bu sistem ərəb ölkələri arasında əlaqələrin daha da güclənməsinə kömək edəcək.

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi və digər ərəb liderlərinin də çıxışlarında regional sülh və təhlükəsizliyin möhkəmlənməsi üzrə təklif və çağırışlar yer alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.