SİYASƏT


Ərəb Parlamentinin üzvləri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransını yüksək qiymətləndiriblər

Qahirə, 5 iyul, AZƏRTAC

“Əl Balad”, “Əxbar Əl Yom” qəzetlərində və Ərəb Parlamentinin telekanalında Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı haqqında müsahibə və məqalələr yayımlanıb.

AZƏRTAC xəbər verir ki, Ərəb Parlamentinin vitse-spikeri Əbdül Kərim Qureşi qəzetlərə müsahibəsində “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının ərəb ölkələrinin parlamentləri üçün aktual məsələlərin – Yəmən, Suriya, Livan, Fələstin və Liviyadakı problemlərin həlli yollarının müzakirə olunduğu mühüm beynəlxalq platforma olduğunu deyib. Onun sözlərinə görə, Ərəb Parlamentinin spikeri Adel bin Əbdül Rəhman Əl-Asuminin tədbirdəki çıxışında da qeyd olunub ki, Qoşulmama Hərəkatı Yaxın Şərqdə mövcud olan silahlı münaqişələrin həllində əhəmiyyətli rol oynaya bilər.

Bakı konfransında Ərəb Parlamenti nümayəndə heyətinin tərkibinə daxil olmuş Şaalan Əl-Kərim də yüksək səviyyədə təşkil olunmuş tədbirin qlobal və ərəb dünyası üçün əhəmiyyətindən danışıb. O bildirib ki, hazırda dünyada gedən mürəkkəb proseslər, o cümlədən müharibə və humanitar fəlakətlər müstəqil siyasət yürüdən ölkələrin beynəlxalq arenada daha fəal olmasını tələb edir. Ərəb parlamentari qeyd edib ki, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi ilə fəaliyyətinin keyfiyyətcə yeni – daha səmərəli mərhələsini yaşayır.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.