ELM VƏ TƏHSİL


“Ərəb dili” dərsliyi nəşr olunub

Bakı, 1 avqust, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun Dillər və ictimai fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun “Ərəb dili” dərsliyi nəşr olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Dərslik Azərbaycan İlahiyyat İnstitutu İlahiyyat fakültəsinin dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə təhsil alan I-II kurs tələbələri üçün nəzərdə tutulub. Kitabda qarşıya qoyulan başlıca məqsəd ərəb dili üzrə oxu, yazı və tərcümə bacarıqlarını formalaşdırmaq, tələbələr üçün müasir ərəb dilinin lazımi səviyyədə mənimsənilməsini təmin edəcək məlumat bazası yaratmaqdır.

Kitab 20 dərsdən, əksəriyyəti dini mövzulara aid 12 mətn və ərəbcə-Azərbaycanca yığcam lüğətdən ibarətdir. Mövzular sadədən-mürəkkəbə, asandan-çətinə doğru bölüşdürülüb. Belə ki, leksik-qrammatik mövzuları ilk semestr üçün çox asan, ikinci semestr üçün orta-çətin, üçüncü və dördüncü semestrlər üçün nisbətən çətin olaraq səciyyələndirmək mümkündür. Dərslikdə ərəb dilinin fonetikası, morfologiya və sintaksisi tələbələrdə lazımi söz ehtiyatını formalaşdıracaq nümunələr (sözlər və cümlələr) əsasında praktik şəkildə öyrədilir.

Hər bir qrammatik mövzuya dair seçilmiş tapşırıqlar tələbələrdə praktik və nəzəri biliklərin möhkəmləndirilməsinə xidmət edir.

Dərslikdən yalnız tələbələr deyil, həmçinin ərəb dili ilə maraqlanan hər kəs faydalana biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.