ELM VƏ TƏHSİL
“Ərəb dilinin üslubiyyatı və nitq mədəniyyəti” kitabının təqdimatı olub
Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsinin müəllimi, professor Nəsrulla Məmmədovun “Ərəb dilinin üslubiyyatı və nitq mədəniyyəti” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi təqdim edilən kitabın müasir ərəb dilinin tədrisində və nəzəri cəhətdən öyrənilməsində faydalı ola biləcəyini bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor İmamverdi Həmidov, Əlyazmalar İnstitutunun şöbə müdiri, professor Kamandar Şərifov, Azərbaycan Dillər Universitetinin ərəb dili müəllimi Ülviyyə Hüseynova, BDU-nun ərəb filologiyası kafedrasının dosenti Könül Məmmədova və baş müəllimi Fidan Rzayeva da nəşrin əhəmiyyətindən danışıblar.
Kitab tələbə, doktorant, müəllim və mütəxəssislər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.