DÜNYA
Ərəb dövlətləri 12 təşkilatın adını terrorçular siyahısına daxil ediblər
Abu Dabi, 9 iyun, AZƏRTAC
Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Qətərdə fəaliyyət göstərən və ya ondan dəstək alan 59 şəxsin və 12 təşkilatın adını terrorçular siyahısına daxil ediblər. Ərəb KİV-ləri bildirirlər ki, bu barədə dörd dövlətin birgə bəyanatında məlumat verilir.
Birgə sənəddə qeyd edilir ki, Qətər ikili standartlar siyasəti yeridir: o, bir tərəfdən terrora qarşı mübarizə apardığını bəyan edir, digər tərəfdən ekstremist qruplaşmaları dəstəkləyir.
Dörd ərəb dövləti terrorçuları dəstəkləyənlərin aşkara çıxarılmasını və təqib olunmasını davam etdirmək, terrorun maliyyələşdirilməsi mənbələrinin harada yerləşməsindən asılı olmayaraq, bu mənbələrə qarşı mübarizə aparmaq niyyətində olduqlarını bəyan edib.
Ərəb ölkələri terrorizmi dəstəkləyən insanların və təşkilatların siyahısının yenilənəcəyini vəd ediblər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu Dabi