SİYASƏT


Ərəb mediası Edillidə aşkarlanmış kütləvi məzarlıqdan yazıb

Qahirə, 6 oktyabr, AZƏRTAC

Ərəb mediasında erməni hərbçilərinin Birinci Qarabağ müharibəsində Xocavəndin Edilli kəndində vəhşicəsinə qətlə yetirdikləri azərbaycanlıları kütləvi basdırdıqları daha bir məzarlığın tapılması barədə xəbərlər yayımlanıb.

AZƏRTAC xəbər verir ki, Misir, İordaniya, İraq və BƏƏ-nin “Əl Ğad”, “Əl Ənbat”, “Əl Səad”, “Ən Nahar”, “Elaf” və digər qəzet və portallarında yayımlanan xəbərlərdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Edillidə aşkar edilmiş daha bir kütləvi məzarlıqla bağlı tviter səhifəsində paylaşımı yer alıb. Ərəb ölkələri ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Azərbaycan rəsmisi Edilli kəndinin Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edildiyini, indiyədək 4 min azərbaycanlı hərbçi və mülki vətəndaşın itkin düşmüş olaraq qaldığını, ermənilərin kütləvi məzarlıqların yerlərini göstərməkdən imtina etdiklərini bildirib.

Xəbərlərdə diqqətə çatdırılıb ki, məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.

Ərəb mediasının materiallarında qeyd olunub ki, bu ilin fevralında Edilli kəndində tapılan birinci məzarlığı lentə alan jurnalistlər arasında Misir və Əlcəzair KİV-in nümayəndələri də olublar.

 
Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.