MƏDƏNİYYƏT


Ərəb mətbuatında Qarabağın turizm potensialı barədə məqalə dərc olunub

Ərəb mətbuatında Qarabağın turizm potensialı barədə məqalə dərc olunub

Qahirə, 10 fevral, AZƏRTAC

İordaniyanın “Nayruz”, “Orobanews”, həmçinin Əlcəzairin “Cəzairinfo” portallarında Qarabağın turizm potensialı barədə məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, azərbaycanlı şərqşünas Həşim Məmmədovun müəllifi olduğu məqalədə işğaldan azad edilən torpaqlarımızın zəngin təbii ehtiyatlarının ölkəmizin iqtisadi qüdrətinin artmasına əhəmiyyətli töhfə verəcək sahələrindən birinin də turizm sektoru olduğu, uzun illər işğalçı Ermənistanın bu əraziləri saxta xəritələrdə özününkü kimi göstərmək istədiyi diqqətə çatdırılıb. Müəllif qeyd edib ki, sovet dövründə ümumittifaq əhəmiyyətli turizm marşrutlarından biri olmuş Qarabağda Şuşanın balneoloji mərkəzləri, kanat yollarının çəkilməsi üçün planlar mövcud olub. Bu bölgədə dini, ekoloji, aqroturizm, eləcə də turizmin digər növləri üçün əlverişli imkanlar var. Təkcə Zəngilanda çoxlu sayda termal su mənbələri mövcuddur.

Məqalədə Xudafərin körpüsü, Azıx mağarasının gələcəkdə ərəb turistlər üçün mühüm marşrut ola biləcəyi, dağıdılmış mədəni-tarixi abidələrimizin bərpasından sonra həmin məkanlara turların təşkilinin mümkün olacağı qeyd olunub.

Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, yeni istismara verilən Füzuli Beynəlxalq Aeroportu gələcəkdə Qarabağa təyyarə ilə turlar təşkil etməyə imkan verəcək. Xüsusən, ərəb tur şirkətləri ilə yerli tur şirkətləri arasında, həmçinin dövlətlərarası sazişlərin imzalanması mühümdür.

Yazıda Azıx mağarası, habelə Qarabağda UNESCO-nun Dünya İrs Siyahısına düşə biləcək çoxlu sayda abidələr barədə məlumat verilib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.