MƏDƏNİYYƏT


Ərəb mətbuatında misirli jurnalistin Nizami Gəncəvi haqqında məqaləsi yayımlanıb

Qahirə, 23 dekabr, AZƏRTAC

Misirli gənc jurnalist Manal Əli “Əcnədin” informasiya agentliyinin saytında və “Əl Hərir” portalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında məqalə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, “Nizami Gəncəvi: epik-romantik şair və böyük mütəfəkkirin yaradıcılığına Misirdən baxış” sərlövhəli məqalədə dahi Azərbaycan şairinin - İslam fəlsəfi fikrinin görkəmli nümayəndəsinin əsərlərinin Şərq poeziyasının incisi və müdriklik məktəbi olduğu qeyd edilib. Müəllif vurğulayıb ki, başa çatmaqda olan 2021-ci il Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Nizami Gəncəvi İli” olub və bu çərçivədə bir sıra mötəbər beynəlxalq tədbirlər keçirilib. Dünyanın bir çox ölkələrində, o cümlədən Misirdə klassik poeziyanı sevən alimlər və tələbələr bir daha dahi şairin inci xəzinəsi olan ölməz poemalarının ruhunu hiss edib, qiymətli və hikmətli misralarını təhlil ediblər. Azərbaycan Prezidentinin daha bir Sərəncamı ilə 2011-ci ilin dekabrında təsis edilmiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzi öz ətrafında dünyanın nüfuzlu ictimai-siyasi xadimləri və yaradıcı şəxsiyyətlərini birləşdirib. Onlardan biri də Ərəb Dövlətləri Liqasının keçmiş Baş katibi, misirli siyasətçi Əmr Musadır. Azərbaycandan bütün dünyaya dostluq və qardaşlıq ismarıcları yayan bu mərkəzin fəaliyyəti mədəniyyətlərarası dialoq yolu ilə tolerantlığa və intellektual plüralizmə nail olmağa yönəlib”.

Məqalədə xüsusi olaraq vurğulanıb ki, Misir Prezidenti Əbdülfəttah əl-Sisi 2017-ci ildə tolerantlıq, ərəb dünyasında və regionda terrorizm və ekstremizmlə mübarizə sahələrində xidmətlərinə görə Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin mükafatı ilə təltif olunub. Bundan başqa, dünyanın məşhur İsgəndəriyyə Kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkirinin büstü qoyulub.

A.Əlinin yazısında Nizami Gəncəvinin “Leyli və Məcnun” və “İsgəndərnamə” poemalarının İslam və ərəb ədəbi irsi prizmasından geniş təhlili verilib. 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.