DÜNYA
Ərəb ölkələrində COVID-19-a yoluxma halları artıb
Qahirə, 30 mart, AZƏRTAC
Bazar günü ərəb ölkələrində yeni növ koronavirusa yoluxma halları artıb.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində martın 29-da COVID-19 virusuna daha 102 yoluxma və bir ölüm halı qeydə alınıb. Bu ölkədə xəstələrin sayı 570 nəfərə, ölənlərin sayı isə 3-ə çatıb.
Ötən bazar günü Küveytdə daha 11 nəfər koronavirusa yoluxub. Bu ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Abdulla Əl-Sənəd bildirib ki, ümumilikdə, ölkədə 266 nəfər koronavirus daşıyıcısı var. Onun sözlərinə görə, xəstəlikdən ölüm halı qeydə alınmayıb və 72 nəfər tam müalicə olunaraq evə buraxılıb.
Səudiyyə Ərəbistanında koronavirusdan ölənlərin sayı 8-ə çatıb, xəstələrin ümumi sayı 1299 nəfərdir. Martın 29-da bu ölkədə daha 96 nəfər virusa yoluxub. Səhiyyə naziri Tevfik əl-Rəbiyah bəyan edib ki, Səudiyyə Ərəbistanı Kralı ölkə ərazisindəki hər kəsin, o cümlədən viza müddəti bitmiş və səhiyyə sığortası olmayan əcnəbilərin müalicə edilməsi barədə göstəriş verib.
Ötən bazar günü Omanda 12, Tunisdə isə 19 nəfər koronavirusa yoluxub. Bu ölkələrdə koronavirus xəstələrinin ümumi sayı müvafiq olaraq 179 və 312 nəfərə çatıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə