DÜNYA
“Ərəb ölkəsi hökumətinin böyük nailiyyətlərinə görə” mükafatı təsis edilib
Dubay, 24 may, AZƏRTAC
Ərəb Ölkələrinin İnzibati İnkişaf Təşkilatı (ARADO) Birləşmiş Ərəb Əmirlikləri hökuməti ilə əməkdaşlıq şəraitində “Ərəb ölkəsi hökumətinin böyük nailiyyətlərinə görə” mükafatını təsis edib. Mükafat regionda idarəçiliyin və inzibati praktikanın inkişaf etdirilməsində ərəb ölkələrinin aparıcı nazirlərinin və nazirliklərinin nailiyyətlərini təsdiq etmək məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, mükafat ərəb ölkəsi hökumətinin iş səviyyəsini və uğurlu təcrübəsini artırmaq üçün ərəb dünyasında hökumət sektorları arasında müsbət institusional və liderlik mühiti yaratmaqla, qabaqcıl təcrübəsinin işlənib hazırlanmasına və tətbiqinə görə təqdim ediləcək.
Dubayın vitse-prezidenti, Baş naziri və hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktum ərəb ölkəsi hökumətinin öz fəaliyyətinin təkmilləşdirilməsi sahəsində inkişafı ilə bağlı nikbinliyini ifadə edib. Onun sözlərinə görə, Ərəb Dövlətləri Liqası regionun inkişafında mühüm rol oynaya bilər və “Ərəb ölkəsi hökumətinin böyük nailiyyətlərinə görə” mükafatı ərəb dünyasının inkişafında yeni hərəkatın yaradılmasına yönəlib. O vurğulayıb ki, qabaqcıl inzibati sistemlər tətbiq edən ölkələr gələcək tərəqqiyə, qüdrətə və inkişafa aparan dayanıqlı və sürətli inkişafın örnəyi olacaqlar. Şeyx Məhəmməd bin Rəşid Al Məktum deyib: “Ərəb dünyasında böhranlar idarəçilik sahəsində böhranlardır. Ərəb ölkələrinin uğurlu hökumətləri təhsil, ticarət, investisiya və səhiyyədə uğurlu inzibati strukturlar yaradan hökumətlərdir”.
Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbul Geyt regionun modernləşdirilməsində Şeyx Məhəmməd bin Rəşidin yenilikçi rolunu yüksək qiymətləndirib və onun hamiliyi ilə mükafatın təsis edilməsinə görə təşəkkür edib. Onun sözlərinə görə, mükafat “ərəb ölkəsi hökumətinin inkişafı prosesinə böyük təkan verəcək”.
Hökumət və gələcəyin işləri naziri Məhəmməd bin Abdulla Al Gerqavi deyib: “Biz ərəb ölkəsi hökumətinin inzibati siyasətinin işlənib hazırlanmasında yaradıcılığı və innovasiyaları stimullaşdırmağa və bütün regiona fayda gətirmək üçün ərəb ölkəsi administrasiyasının uğurlu modelini qabartmağa çalışırıq”.
Mükafatı almaq imkanı Birləşmiş Ərəb Əmirlikləri istisna olmaqla, ərəb dünyasında müxtəlif dövlət müəssisələrinə təqdim edilir. Mükafat özündə fiziki və hüquqi şəxs alt kateqoriyalarına ayrılan 15 kateqoriya birləşdirir. Ərəb ölkələrinin ən yaxşı naziri, ərəb ölkələrinin ən yaxşı rəhbəri və ərəb ölkələrinin ən yaxşı hakimi kateqoriyaları inzibati praktikada hökumətin üstünlüyünün mükafatla təsdiqlənə biləcəyi bəzi kateqoriyalardır.
Mükafatın məqsədi ərəb ölkələrində iş keyfiyyətinin təkmilləşdirilməsi mədəniyyətini təbliğ etmək və bütün regionda liderliyin müsbət modellərini yaratmaqdır. Əsas diqqət ərəb ölkələrinin hökumət orqanlarının fəaliyyətinin ümumi səmərəliliyinin və onların inkişaf səviyyəsinin yüksəldilməsinə yetirilir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri-0-
Dubay