SİYASƏT
Ərəb telekanalları Azərbaycan Ordusunun Ağdama daxil olması barədə reportajlar yayımlayır
Qahirə, 20 noyabr, AZƏRTAC
Ərəb ölkələrinin nüfuzlu televiziya kanalları Azərbaycan Ordusunun bölmələrinin Ağdama daxil olması barədə geniş reportajlar yayımlayır.
AZƏRTAC xəbər verir ki, xəbərlər proqramlarında efirə gedən süjetlərdə Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinad edilir.
“Əl-Cəzirə” telekanalının xüsusi müxbiri Ağdamdan hazırladığı reportajda noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanata əsasən Ermənistan silahlı qüvvələrinin Ağdamı Azərbaycan Ordusuna təhvil verdiyini, şəhərdə çoxlu dağıntılar olduğunu qeyd edir. Vurğulanır ki, 30 ilə yaxın işğal altında qalan bu şəhərin azad edilməsi Azərbaycan Ordusunun 44 gün ərzində apardığı uğurlu döyüşlərdə Qələbəsinin nəticəsidir.
Ağdamın işğaldan azad edilməsi barədə “Əl-Ərəbiyyə”, Misirin “ExtraNews”, habelə “Sky News Arabia”, “Al-Mamlaka”, “Alhadath” və “İ24 Arabic” telekanalları da reportajlar yayımlayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə